Əfsanələr yenidən rinqdə - 2015-in revanşı
90plus.az xəbər verir ki, əfsanəvi boksçular Floyd Mayvezer və Manni Pakyao yenidən qarşılaşmağa hazırlaşır. 2015-ci ildə keçirilmiş və boks tarixinin ən möhtəşəm döyüşlərindən biri kimi yadda qalan qarşılaşmanın revanşı sentyabrın 19-da Las-Veqasda baş tutacaq.
İlk döyüş uzun illər azarkeşlərin yaddaşından silinməyib və indi bütün diqqətlər növbəti qarşılaşmaya yönəlib. Sentyabr ayında keçiriləcək və “Netflix” platformasında canlı yayımlanacaq döyüş böyük maraq doğurur. Lakin yaş faktoruna görə görüşün əvvəlki səviyyədən daha aşağı tempdə keçə biləcəyi ehtimal olunur. Qarşılaşma zamanı Meyvezer 49, Pakyao isə 47 yaşında olacaq.
Meyvezerin məğlubiyyətsiz seriyasını qoruduğu son peşəkar döyüşü 2017-ci ildə UFC ulduzu Konor MakGregor ilə olub. Həmin qarşılaşma daha çox şou xarakterli kimi qiymətləndirilmişdi. Pakyao isə ötən il WBC yarı orta çəki dərəcəsi üzrə çempionluq uğrunda döyüşsə də, karyerasının zirvə dövründən uzaq olduğu qeyd edilir.
Pakyao açıqlamasında bildirib:
“Floyd və mən dünyaya boks tarixinin ən böyük döyüşlərindən birini təqdim etdik. Azarkeşlər kifayət qədər gözlədi. Onlar bu revanşı haqq edir. Bu dəfə qarşılaşma ‘Netflix’də canlı yayımlanacağı üçün daha da böyük olacaq. Floydun peşəkar karyerasındakı yeganə məğlubiyyətlə yaşamasını və bu məğlubiyyəti ona kimin yaşatdığını xatırlamasını istəyirəm. Həmişə olduğu kimi, bu döyüşü bütün filippinli qardaşlarıma və Filippinə həsr edirəm.”
2015-ci ildəki ilk qarşılaşmanı hakimlərin qərarı ilə qazanan Meyvezer isə daha sərt danışıb:
“Mən artıq Mannini bir dəfə məğlub etmişəm. Bu dəfə də nəticə eyni olacaq.”
Böyük maraqla gözlənilən revanş döyüşünün hər iki boksçuya on milyonlarla dollar qazandıracağı bildirilir. Pakyao Filippində milli qəhrəman kimi qəbul olunur, Meyvezer isə rinqdəki uğurları sayəsində idman tarixinin ən çox qazanan boksçularından biri kimi tanınır.