Futbol Federasiyasının prezidenti istefa verdi
İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bu gün keçirilən fövqəladə iclasdan sonra istefa verib.
90plus.az xəbər verir ki, bu qərar milli komandanın növbəti uğursuz çıxışından sonra qəbul olunub. İtaliya yığması dünya çempionatına vəsiqə qazana bilməyib və pley-off finalında Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında uduzub.
Beləliklə, “Skuadra Adzurra” ardıcıl üçüncü dəfə mundialdan kənarda qalacaq. Bu nəticə ölkə futbolunda ciddi islahatların aparılmasını zəruri edib. Mənbələrin məlumatına görə, Qravinanın istefası genişmiqyaslı yenilənmə prosesinin yalnız başlanğıcıdır.
Gözlənilir ki, prezidentdən sonra milli komandanın baş məşqçisi Cennaro Qattuzo və 2023-cü ilin yayından komandanın meneceri kimi çalışan əfsanəvi Canluici Buffon da vəzifələrini tərk edəcəklər.
Fövqəladə iclasda İtaliya futbolunun əsas simaları iştirak ediblər. Toplantıda A Seriyasının prezidenti Etsio Simonelli, B Seriyasının rəhbəri Paolo Beden, C Seriyasının başçısı Matteo Marani, Həvəskarlar Liqasının rəhbəri Cankarlo Abiti, eləcə də futbolçular həmkarlar ittifaqının və məşqçilər assosiasiyasının prezidentləri Umberto Kalkanyo və Renzo Ulivieri yer alıblar.
Qabriele Qravina 2018-ci ilin oktyabrından etibarən İtaliya futboluna rəhbərlik edirdi. Onun dönəmi Avro-2020-də qazanılan qələbə ilə yadda qalsa da, 2022 və 2026 Dünya çempionatlarının seçmə mərhələlərindəki uğursuz nəticələr bu uğuru kölgədə qoyub. Onun rəhbərliyi dövründə milli komandaya Luçano Spalletti və Cennaro Qattuzo başçılıq edib.
© Copyright 2026, All Rights Reserved