Futbolçu güllələnərək öldürüldü
Ekvadorlu müdafiəçi Mario Pineida güllələnərək öldürülüb.
90plus.az xəbər verir ki, Ekvador yığmasının müdafiəçisi Mario Pineida 33 yaşında, Quayakil şəhərində güllələnmə nəticəsində dünyasını dəyişib.
Yerli mediaya görə, Pineida çərşənbə günü şəhərin şimalında yerləşən bir mağazanın qarşısında motosikletlə gələn iki nəfər tərəfindən açılan atəş zamanı yaralanıb. Hadisə zamanı onun anası və daha bir qadın da güllə yarası alıb.
Ekvadorun Daxili İşlər Nazirliyi istintaq aparılması üçün xüsusi polis bölməsinin cəlb edildiyini açıqlayıb.
ℹ️ Quayakil şəhəri son dövrlər dəstə zorakılığı və narkotik ticarətinin əsas mərkəzlərindən birinə çevrilib. Yanvar–sentyabr ayları arasında şəhərdə 1 900 qətl qeydə alınıb ki, bu da Ekvador üçün rekord göstəricidir. Sentyabr ayında ikinci liqa səviyyəsində çıxış edən üç futbolçu öldürülüb, oktyabrda isə yerli futbolçulardan biri silahlı hücumda yaralanıb.
Mario Pineida 2014–2021-ci illər arasında Ekvador millisində 9 oyun keçirib.
Klub karyerasına “Independiente DV”də başlayan Pineida 2016-cı ildə Quayakilin “Barcelona SC” klubuna transfer olunub. O, həmçinin icarə əsasında “Fluminense” və “El Nacional”da çıxış edib.
“Independiente DV” və “Fluminense” Pineidanın vəfatı ilə bağlı sosial şəbəkələrdə başsağlığı paylaşımları ediblər. “Barcelona SC” isə bildirib ki, “Bu acı xəbər klubumuzun bir parçası olan hər kəsi dərin kədərə boğdu”.
Ekvador Futbol Federasiyası yaydığı bəyanatda zorakılığı qınayıb və Pineidanın ailəsinə başsağlığı verib.
© Copyright 2025, All Rights Reserved