Gözlənilən oldu - Zidan Fransa millisində
90plus.az xəbər verir ki, fransız futbolunun əfsanəvi simalarından olan Zinəddin Zidan məşqçilik karyerasında ilk dəfə milli komanda təcrübəsi yaşamağa yaxındır. Məlumata görə, o, Fransa Futbol Federasiyası ilə şifahi razılıq əldə edib və 2026 FIFA Dünya Çempionatı başa çatdıqdan sonra Fransa millisinin baş məşqçisi postunu tutacaq.
Xəbəri tanınmış jurnalist Fabrizio Romano yayıb. Bildirilir ki, hələlik rəsmi müqavilə imzalanmasa da, 53 yaşlı mütəxəssisin DÇ-2026-dan sonra komandanın sükanı arxasına keçməsi gözlənilir.
Zidan məşqçiliyə “Real Madrid” akademiyasında başlayıb. 2015/16 mövsümündə isə İspaniya nəhənginin əsas komandasının baş məşqçisi təyin olunub. 2018-ci ildə vəzifəsindən ayrılsa da, bir il sonra yenidən “Real Madrid”ə qayıdaraq 2021-ci ilə qədər komandaya rəhbərlik edib.
“Real Madrid”dəki fəaliyyəti dövründə Zidan 3 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə İspaniya La Liqasının, 2 dəfə UEFA Superkubokunun, 2 dəfə FIFA Klublararası Dünya Çempionatının və 2 dəfə İspaniya Superkubokunun qalibi olub.
Beləliklə, Zinəddin Zidanın Fransa millisində yeni mərhələyə başlayacağı gözlənilir və bu qərar dünya futbolunda böyük maraq doğurub.
© Copyright 2026, All Rights Reserved