Hansi Flik: “Mən həmişə onu dəstəkləyəcəyəm”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik gənc ulduz Lamin Yamal barədə yüksək fikirlər səsləndirib.
90plus.az xəbər verir ki, alman mütəxəssis 18 yaşlı futbolçunun böyük potensiala sahib olduğunu vurğulasa da, onun inkişaf mərhələsində qorunmasının vacibliyini bildirib.
UEFA Çempionlar Liqasında “Atletiko Madrid”ə qarşı keçirilən oyunda Yamal 8 uğurlu driblinq edib və 3 qol epizodu yaradıb. Bu performansdan sonra Flik onun gələcəkdə İspaniya futbol tarixinin ən böyük oyunçularından birinə çevrilə biləcəyini deyib.
Buna baxmayaraq, “Atletiko Madrid”lə əvvəlki qarşılaşmadan sonra Yamal Robert Levandovskinin qələbə qoluna sevinc göstərmədiyi üçün tənqid olunmuşdu. Flik isə futbolçusunu müdafiə edib:
“Lamin inanılmaz oyunçudur. Amma onun cəmi 18 yaşı var. Bəzən onu əvəzləyəndə və ya dörd-beş rəqibi keçib zərbə vurduqdan sonra qol alınmayanda əsəbiləşməsi normaldır. Bu, onun emosional olmasından irəli gəlir və bu yaxşıdır.
Mən həmişə onu dəstəkləyəcəyəm. O, fantastik futbolçudur və düzgün yoldadır. Biz də onun doğru mühitdə inkişaf etməsinə kömək edirik. Ətrafında bu qədər səs-küy yaratmaq düzgün deyil.
Hamı ona baxır, çünki çox istedadlıdır. Amma unutmayaq ki, o, hələ 18 yaşındadır. Hər birimiz səhv edirik. Mən ona demişəm: cəhd et, problem yoxdur, mən səni həmişə qoruyacağam.
Meydanda isə o, nə qədər güclü olduğunu göstərməlidir. İnanıram ki, gələcəkdə dünyanın ən yaxşılarından biri, bəlkə də ən yaxşısı olacaq”.
Flikin bu açıqlamaları Yamalın həm meydandakı keyfiyyətlərini, həm də psixoloji baxımdan hələ formalaşma mərhələsində olduğunu bir daha ön plana çıxarıb.
© Copyright 2026, All Rights Reserved