İctimai TV-dən tamaşaçı narazılığı barədə açıqlama
Avropa Çempionatının ölkəmizdə rəsmi yayım hüququna malik İctimai TV final oyununda şərhçinin səsi ilə videogörüntü arasında uyğunsuzluq barədə açıqlama verib.
90plus.az xəbər verir ki, tamaşaçıların narazılığına səbəb olan bu məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) açıqlamasında problemə səbəb yeni sistemin tətbiqi olduğunu vurğulayıb:
"İyun ayının 14-dən etibarən bütün dünyanın diqqətlə izlədiyi bu idman turnirini biz də yüksək keyfiyyət və təqdimatda tamaşaçılarımıza nümayiş etdirdik. Belə ki, çempionatın 51 oyununu milyonlarla tamaşaçı həm efirimizdən, həm də "YouTube" kanalımızdan canlı olaraq izləyə bilib. Azərbaycan televiziya məkanında ilk dəfə olaraq Avropa Çempionatının final oyununu şərhçimiz Tural Dadaşov məhz oyun keçirilən stadiondan şərh edib. Təəssüflə qeyd edirik ki, iyulun 14-də Avropa Çempionatının final oyununun yayımı zamanı şərhçimizin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq yaranıb. Buna səbəb AVRO-2024-də ilk dəfə olaraq şərhçinin səsinin internet, görüntünün isə peyk üzərindən ötürülməsi sisteminin tətbiqi olub".
Bildirilir ki, yeni sistemin tətbiqi nəticəsində çempionat zamanı bir sıra ölkələrin yayımçı telekanalları da eyni vəziyyətlə üzləşiblər:
"Xatırladaq ki, efirdən əvvəl edilən test zamanı bu kimi problem qeydə alınmayıb. Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı. Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik".
© Copyright 2026, All Rights Reserved