"İmişli" portuqaliyalı futbolçu transfer etdi
“İmişli” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. İmişli təmsilçisi portuqaliyalı hücumçu Dioqo Kardozu transfer edib. 24 yaşlı mərkəz forvard bundan sonra “İmişli”nin formasını geyinəcək. Tərəflər arasında 2 il 6 ay müddətinə müqavilə imzalanıb.
Dioqo peşəkar futbol yoluna Portuqaliyanın “1 Dezembro” klubunda start verib. O, son olaraq “Portimonense”nin U-23 komandasında çıxış edib. Eyni zamanda futbolçu “Benfika” Akademiyasının yetirməsidir.
Kardozu müxtəlif yaş kateqoriyalarında “Benfika”nın U-17 və “Vitória”nın U-19 komandalarının şərəfini qoruyub. Güclü futbol məktəbi keçən hücumçu bu keyfiyyətlərini meydanda da nümayiş etdirə bilir.
Xatırlatma: Cari mövsümün ilk yarısında meydana çıxdığı 17 qarşılaşmada 6 dəfə fərqlənən futbolçu məhsuldarlığı ilə diqqət mərkəzinə düşüb.
© Copyright 2026, All Rights Reserved