İngilis futbolçu milli karyerasını bitirdi - AÇIQLAMA
Kayl Uoker İngiltərə millisindən getdiyini açıqladı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi “Bernli” klubunun sağ cinah müdafiəçisi Kayl Uoker İngiltərə milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb. 35 yaşlı futbolçu qərarını sosial şəbəkə – “Instagram” hesabında paylaşdığı emosional mesajla ictimaiyyətə çatdırıb.
Təcrübəli müdafiəçi İngiltərə millisinin heyətində ümumilikdə 96 oyuna çıxıb və 1 qol vurub. O, paylaşımında milli komandanın formasını geyinməyin karyerasının ən böyük şərəfi olduğunu vurğulayıb.
Keçmiş “Mançester Siti” futbolçusu milli komandaya vida edərkən bunları deyib:
“10 ildən artıq müddətdə ölkəmi təmsil etdikdən sonra beynəlxalq futboldan getmək qərarına gəldim. İngiltərə üçün oynamaq karyeramın ən böyük şərəfi olub və bununla həmişə qürur duyacağam.”
Uoker həmçinin milli komandadakı illərinə görə komanda yoldaşlarına, məşqçilərə və azarkeşlərə təşəkkür edib.
“Bu yolun bir hissəsi olan bütün komanda yoldaşlarıma, məşqçilərimə, menecerlərimə və səhnə arxasında çalışan hər kəsə təşəkkür edirəm. Azarkeşlərin hər dəstəyi komandaya əlavə motivasiya verirdi. Dünya çempionatında ‘Üç Şir’i dəstəkləməyi səbirsizliklə gözləyirəm. İngiltərə forması ilə yaşadığım xatirələr isə ömrüm boyu mənimlə qalacaq.”
Təcrübəli futbolçu çıxışının sonunda ailəsinə də xüsusi təşəkkür edərək bildirib ki, onların dəstəyi bu yolçuluğu daha da mənalı edib.
© Copyright 2026, All Rights Reserved