“İnter Mayami” uduzdu. Messi sevgisi gecəni duyğusallaşdırdı
“İnter Mayami” üçün Peru gecəsi uğursuz başladı, Messi isə gecəni unudulmaz etdi.
90plus.az xəbər verir ki, yeni mövsümə hazırlıqlara start verən “İnter Mayami” üçün ilk sınaq heç də istənilən kimi alınmadı. ABŞ təmsilçisi Peru səfərində “Aliansa Lima”ya 0:3 hesabı ilə məğlub oldu və mövsümöncəsi mərhələyə ağır nəticə ilə başladı.
Matç Mayami klubu üçün təkcə hesab baxımından deyil, kadr problemləri baxımından da pis yadda qaldı. Komandaya yeni qoşulan Serxio Reqilon oyunun gedişində zədələnərək əvəzləndi və bu, texniki heyətin narahatlığını daha da artırdı.
“İnter Mayami” növbəti yoxlama oyununu bir həftə sonra Kolumbiyada "Atletiko Nasional”a qarşı keçirəcək.
Gecənin ən gözəl anı: Messi bir azarkeşin yox, bir futbolçunun arzunu gerçəkləşdirdi
Matçın nəticəsi fonunda arxa planda qalsa da, Peru gecəsinin ən duyğulu anı Lionel Messinin davranışı oldu. “Aliansa Lima”nın futbolçusu Alan Kantero uzun müddətdir hamının diqqətini çəkən bir detalın qəhrəmanına çevrildi.
Kantereonun ayağında Messinin Dünya Kuboku ilə döyməsi var idi. Onun tək arzusu isə bir gün idealı ilə üz-üzə gəlmək idi. Taleyin qəribə təsadüfü ilə bu arzu reallığa çevrilmişdi.
Oyun bitdikdən sonra Messi Kanteroya formasını hədiyyə etdi, futbolçular qucaqlaşdı və həmin an Kantero göz yaşlarını saxlaya bilmədi.
Perulu futbolçu yaşadığı hissləri belə ifadə etdi:
“O, mənim idealımdır. Heç vaxt təsəvvür etməzdim ki, onunla eyni meydanı bölüşərəm. Bu bir xəyaldır. Ona heyran olduğumu, mənim üçün ilham mənbəyi olduğunu dedim. Əlini sıxmaq və formasını almaq böyük şərəfdir. Çox təvazökardır. Bir gülümsəmə ilə arzumu reallaşdırdı. Bu, gerçəkdən də bir yuxudur”.
Meydanda nəticə “İnter Mayami” üçün acı olsa da, Messi bir daha sübut etdi ki, futbol təkcə qollar və hesabdan ibarət deyil. Bəzən bir forma, bir qucaqlaşma və bir gülümsəmə illərlə qurulan arzunu gerçəyə çevirir.