"İnter" müdafiəçisini yollayır - "Barselona" qapıda
İtaliya A Seriyası təmsilçisi "İnter" komandanın əsas oyunçularından olan Alessandro Bastoninin gələcəyi ilə bağlı gözlənilməz addım atıb. Milan klubu italiyalı müdafiəçi üçün əvvəlkindən xeyli aşağı transfer qiyməti müəyyənləşdirib.
90plus.az xəbər verir ki, yay transfer pəncərəsinin yaxınlaşması ilə klubların transfer planları da formalaşmağa başlayır. İtaliya mətbuatının məlumatına görə, "İnter"in formasını geyinən Bastoninin karyerasını "Barselona"da davam etdirməyə çox yaxın olduğu bildirilir.
Xəbərdə qeyd olunur ki, italiyalı stoper "Barselona"da oynamaq istəyində qətiyyətlidir və İspaniya klubundan başqa heç bir təklifə baxmaq niyyətində deyil.
Transferin maliyyə tərəfinə gəldikdə isə "İnter"in ciddi endirimə getdiyi vurğulanır. Belə ki, daha əvvəl 80 milyon avro tələb edən Milan təmsilçisi, "Barselona" üçün bu məbləği 50 milyon avro + bonuslar səviyyəsinə endirməyə hazırdır. Bu rəqəmin Kataloniya klubu tərəfindən olduqca cəlbedici hesab edildiyi və transferin qısa müddətdə rəsmiləşə biləcəyi qeyd olunur.
26 yaşlı müdafiəçinin "İnter"lə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved