İspan qapıçıdan Fələstinə dəstək

90plus.az xəbər verir ki, Fələstin xalqının İsrail tərəfindən gördüyü zorakılıq beynəlxalq idman aləmində də ciddi əks-səda doğurmağa davam edir. Bir çox məşhur idmançı və futbolçu Fələstinlə həmrəylik nümayiş etdirərkən, son olaraq İspaniya millisinin və “Atletik Bilbao” klubunun qapıçısı Unai Simon məsələ ilə bağlı sərt açıqlama verib.
28 yaşlı qapıçı Unai Simon verdiyi müsahibədə La Liqa rəhbərliyinin Fələstin mövzusuna münasibətini tənqid edib. O bildirib ki, “Fələstin xalqının yaşadığı acıya qarşı səssiz qalmaq mümkün deyil” və bu səbəbdən məsələyə münasibət bildirməyi özünə borc bildiyini vurğulayıb.
Unai Simon açıqlamasında klubunun Fələstinə dəstək məqsədilə keçirdiyi sayğı duruşunun televiziyada nümayiş olunmamasına da reaksiya verib:
“Klubumun Fələstinə həsr etdiyi sayğı duruşu çox gözəl və duyğulu bir an idi. Amma bunun televiziya yayımında yer almaması məni həqiqətən üzdü,” – deyə Unai Simon bildirib.
Cari mövsümdə “Atletik Bilbao” formasında 10 oyunda meydana çıxan Simon, 15 qol buraxıb və yalnız bir matçda qapısını toxunulmaz saxlaya bilib.
© Copyright 2025, All Rights Reserved