İspaniya – Misir matçında qalmaqal: İslamofob şüarlar araşdırılır
İspaniya və Misir milli komandaları arasında keçirilən yoldaşlıq oyunu xoşagəlməz hadisə ilə yadda qalıb. Qarşılaşma zamanı bir qrup azarkeşin səsləndirdiyi islamofob və ksenofob şüarlarla bağlı araşdırma başladılıb.
90plus.az xəbər verir ki, hadisə RCDE Stadionunda baş tutan oyun zamanı qeydə alınıb. Kataloniyanın muxtar polis qurumu Mossos d'Esquadra məsələ ilə bağlı rəsmi istintaqa start verildiyini açıqlayıb.
Bildirilir ki, matçın ilk hissəsində bəzi ispan azarkeşlər “tullanmayan müsəlman” məzmunlu şüarlar səsləndirib, Misir milli himnini fitə basıb, eyni zamanda İspaniyanın baş naziri Pedro Sançesə qarşı təhqiramiz ifadələr işlədiblər. Bu hadisələr geniş ictimai qınağa səbəb olub.
İspaniya Futbol Federasiyası baş verənləri kəskin şəkildə pisləyib. Qurumun rəhbəri Rafael Louzan, milli komandanın futbolçusu Pedro Qonsales Lopes və baş məşqçi Luis de la Fuente belə halların yolverilməz olduğunu bildirərək, gələcəkdə bunun qarşısının alınması üçün birgə mübarizəyə çağırış ediblər.
İspaniya mətbuatı maraqlı bir məqama da diqqət çəkib. Bildirilib ki, komandanın əsas oyunçularından biri olan Lamin Yamal müsəlmandır və buna baxmayaraq stadionda ən çox alqış alan futbolçulardan biri olub.
Yerli media bu vəziyyəti “paradoksal irqçilik” kimi qiymətləndirərək, stadiondakı bəzi azarkeş davranışlarının müasir futbol dəyərlərinə zidd olduğunu vurğulayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir və günahkar şəxslərlə bağlı ciddi tədbirlərin görüləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved