İtaliya A Seriyası: 29 yaşında baş məşqçi gəlir

Artetanın köməkçisi Karlos Kuesta “Parma”ya baş məşqçi olur – 29 yaşında A Seriyada tarix yazmağa hazırlaşır.
90plus.az xəbər verir ki, İtaliyanın “Parma” klubu yeni mövsüm öncəsi cəsarətli qərar qəbul edib. Klub “Arsenal”ın məşqçilər heyətində yer alan 29 yaşlı Karlos Kuestanı baş məşqçi təyin etməyə hazırlaşır. Bu barədə məşhur transfer jurnalisti Fabrisio Romano məlumat yayıb.
“Parma” ilə “Arsenal” arasında danışıqlar yekun mərhələyə çatıb və Kuesta artıq İtaliyaya gəlib. Rəsmi açıqlama hələ verilməsə də, razılaşma tam əldə olunub və keçid faktiki olaraq rəsmiləşib. Bu təyinat baş tutarsa, Karlos Kuesta A Seriyası tarixində ən gənc baş məşqçilərdən biri olacaq.
Malyorkada doğulan Kuesta məşqçilik karyerasına cəmi 18 yaşında “Atletiko Madrid”in akademiyasında başlayıb. Daha sonra “Yuventus”un gənclər komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərib. 2020-ci ildə isə “Arsenal”da Mikel Artetanın başçılıq etdiyi məşqçilər heyətinə qoşulub. O, bu müddət ərzində komandanın iki dəfə İngiltərə Superkubokunu qazanmasına töhfə verib.
Karlos Kuesta “Arsenal”da Albert Stuyvenberq, Migel Molina və qapıçılar üzrə məşqçi İnyaki Kanya ilə birgə çalışıb. Onun “Parma”ya keçidi həm özü, həm də klub üçün yeni və iddialı bir dönəmin başlanğıcı ola bilər.
© Copyright 2025, All Rights Reserved