İtaliya dərmanı sabiq məşqçisində tapdı
Roberto Mançini yenidən İtaliya millisinin baş məşqçisi postuna qayıda bilər.
90plus.az xəbər verir ki, hazırda Qətərin Əl Sədd klubunu çalışdıran mütəxəssisin geri dönüş ehtimalı var. Bildirilir ki, Cennaro Qattuso Bosniya və Herseqovinaya penaltilər seriyasında uduzduqdan və İtaliyanın ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra vəzifəsini tərk edə bilər. 61 yaşlı Mançini isə bu posta əsas namizədlər arasında ön sıradadır.
Mançini daha əvvəl də 2018–2023-cü illərdə İtaliya millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 37 oyunluq məğlubiyyətsiz seriya əldə edib və Avro-2020-nin qalibi adını qazanıb. Bununla belə, 2022-ci ildə İtaliya pley-off mərhələsində Şimali Makedoniya millisinə 0:1 hesabı ilə uduzaraq dünya çempionatından kənarda qalmışdı.
Mütəxəssis 2025-ci ildən Qətərdə fəaliyyət göstərir. Əl Sədd klubunun baş məşqçisi kimi keçirdiyi 16 oyunda 11 qələbə və 5 məğlubiyyət əldə edib, komandası isə yerli çempionatda lider mövqedədir. Onun 2028-ci ilə qədər qüvvədə olan müqaviləsində vaxtından əvvəl ayrılmağa imkan verən bənd də yer alır.
© Copyright 2026, All Rights Reserved