İtaliya məğlubiyyətindən sonra Qattuzonun sözləri yenidən gündəmdə
FIFA Dünya Çempionatı 2026 Avropa seçmə mərhələsində sensasiya baş verib. İtaliya millisi pley-off finalında Bosniya və Herseqovinaya uduzaraq mundiala vəsiqə qazana bilməyib.
90plus.az xəbər verir ki, penaltilər seriyasında 4:1 hesabı ilə məğlub olan İtaliya ardıcıl üçüncü dəfə Dünya Çempionatından kənarda qalıb. Bu uğursuzluq ölkə futbolunda böyük səs-küyə səbəb olub.
Komandanın baş məşqçisi Gennaro Qattuzonun təxminən 5 ay əvvəl səsləndirdiyi fikirlər yenidən müzakirə mövzusuna çevrilib. O, həmin vaxt belə demişdi:
"Əgər Dünya Çempionatına qatıla bilməsək, çamadanlarımı yığıb gedərəm."
Bu açıqlama məğlubiyyətdən sonra İtaliya mediasında geniş rezonans doğurub.
Matçdan sonra açıqlama verən Qattuzo azarkeşlərdən üzr istəyib:
"Şəxsi olaraq üzr istəyirəm. Dünya Çempionatına gedə bilmədik. Bacarmadım, amma oyunçuların çıxışı məni təsirləndirdi."
Onun istefa verib-verməyəcəyi ilə bağlı suallara isə məşqçi konkret cavab verməyib:
"Bu gün gələcəyim yox, Dünya Çempionatına getmək vacib idi."
İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina isə Qattuzoya dəstək çıxıb. O, mütəxəssisin komandanın başında qalmasını istədiyini bildirib.
Qeyd: İtaliyanın ardıcıl üçüncü dəfə mundialdan kənarda qalması ölkə futbolu üçün ciddi uğursuzluq kimi qiymətləndirilir və qarşıdakı günlərdə milli komanda ilə bağlı mühüm qərarların veriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved