Joan Laporta daha 5 il “Barsa” prezidentidir
Laporta yenidən prezident seçildi: “Barselona”nı “dayandırmaq mümkün olmayacaq”.
90plus.az xəbər verir ki, “Barselona”nın prezidenti Joan Laporta yenidən klub rəhbəri seçilib. O, səslərin 68 faizdən çoxunu toplayaraq növbəti 5 il üçün mandat qazanıb.
“Barselona” rəhbərliyinin yaydığı açıqlamaya görə, Laporta iyulun 1-dən etibarən ardıcıl ikinci, ümumilikdə isə dördüncü dəfə prezident kimi fəaliyyətə başlayacaq. Onun əsas rəqibi Viktor Font təxminən 30 faiz səs toplayıb, qalan səslər isə etibarsız sayılıb.
2021-ci ilin martında prezident vəzifəsinə gələn Laporta seçkilərdə iştirak etmək üçün ötən ay klub nizamnaməsinə uyğun olaraq istefa vermişdi. 63 yaşlı funksioner nəticəni “çox inandırıcı qələbə” adlandırıb:
“Bu nəticə bizə böyük güc verir. Bizi dayandırmaq mümkün olmayacaq. Qarşıda bizi möhtəşəm illər gözləyir və bunlar həyatımızın ən yaxşı dövrləri olacaq”.
Laporta çıxışında “Barselona”nın öz üzvləri tərəfindən idarə olunan unikal klub olduğunu vurğulayıb və seçki prosesini “demokratiyanın bayramı” adlandırıb. O, həmçinin yeni dövrdə komandanın gücləndiriləcəyini və “Nou Kamp” stadionunun yenidən qurulmasının tamamlanacağını bildirib.
Seçkilərdə ümumilikdə 48 500-ə yaxın səs verilib (42.34% iştirak). Laporta 32 934, 53 yaşlı Font isə 14 385 səs toplayıb.
Qeyd: Maliyyə problemlərinə baxmayaraq, “Barselona” ötən mövsüm ölkə daxilində trebl ( 3 kuboku birdən) qazanıb. Kataloniya təmsilçisi hazırda La Liqada əsas rəqibi “Real Madrid”i 4 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. Son turda “Sevilya” üzərində 5:2 hesablı qələbədə Rafinya het-triklə yadda qalıb.
Komanda bu həftə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Nyukasl”la qarşılaşacaq. İlk oyunda Lamin Yamalın 96-cı dəqiqədə vurduğu penalti qolu “Barselona”ya 1:1 hesablı heç-heçə qazandırmışdı.
© Copyright 2026, All Rights Reserved