Joan Laporta: Messi, Yamal və “Real”dan danışdı
"Barselona”nın prezidenti Joan Laporta Kataloniya Radiosuna geniş açıqlamalar verərək Lionel Messinin “Barça”ya qayıdışı, Lamin Yamalın inkişafı və “Real Madrid”lə münasibətlər barədə danışıb.
90plus.az xəbər verir ki, Laporta ilk olaraq Messinin yenidən futbolçu kimi “Barselona” formasını geyinməsi ilə bağlı sualı qəti şəkildə cavablandırıb:
“Messi futbolçu kimi “Barselona”ya qayıtmayacaq. Bu, real deyil. Leo “Barça”dan ayrıldıqdan sonra karyerasını burada bitirmək istədiyini demişdi? Heç nəyə görə təəssüflənmirəm. “Barça” hamıdan və hər şeydən üstündür. Həmin vaxt başqa qərar verə bilməzdik”.
Klub rəhbəri Lamin Yamal barədə də yüksək fikirlər səsləndirib:
“Yamal dahi və öz mövqeyində dünyanın ən yaxşısıdır. Hələ pik səviyyəsinə çatmayıb. 18 yaşı olsa da, çox yetkindir. Yamalın həyat tərzi məni narahat etmir. Onun İspaniya millisinin heyətindən çıxarılması? Biz “Barça”nın maraqlarını üstün tuturuq”.
Laporta “Real Madrid”lə münasibətlərə də toxunub və iki klub arasında “Negreyra işi” ilə bağlı yaranan gərginliyi təsdiqləyib:
“Real Madrid ilə münasibətlərimiz heç vaxt o qədər yaxşı olmayıb ki, ciddi ayrılıqdan danışaq. İndiki problemin səbəbi onların ‘Negreyra işi’ ilə bağlı prosesdə iştirakıdır. “Real Madrid” əhəmiyyətsiz və inandırıcı olmayan faktlar gətirir. Bu iş onlarda maraq yaradıb. Bu, xoşumuza gəlmir, vəziyyət gərgindir”.
Kataloniya təmsilçisinin prezidenti bildirib ki, klub bütün məsələlərdə öz maraqlarını qorumaqda davam edəcək.
ℹ️“Negreyra işi “Barselona”nın 2001–2018-ci illərdə İspaniya Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Negreyra və onun şirkətinə milyonlarla avro ödəməsi ilə bağlı qalmaqaldır. Rəsmi olaraq bu pullar “hakimlik analizi” üçün verilib, lakin prokurorluq bu ödənişlərin hakimlərə təsir etmək məqsədi daşıdığına dair şübhə irəli sürür. “Barselona” isə heç bir qanunsuzluq olmadığını bildirir. Məsələ hazırda məhkəmədə araşdırılır və iki klub — xüsusilə “Barselona” ilə “Real Madrid” arasında gərginlik yaradıb.