Joao Feliks rəsmən “Əl-Nəsr”də!

Portuqaliyalı hücumçu Joao Feliks Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə 2 illik müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb. Feliks burada həmvətəni Kriştiano Ronaldo ilə birgə çıxış edəcək.
Hazırda 25 yaşında olan Feliks 2019-cu ildə “Benfika”dan “Atletiko Madrid”ə rekord məbləğə – 127,7 milyon avroya (147,3 milyon dollar) transfer olunmuşdu. Lakin o vaxtdan bəri karyerası enişli-yoxuşlu davam edib.
“Buradayam ki, sevinc bəxş edim. Gəlin birlikdə qələbələr qazanaq”, – deyə Feliks “Əl-Nəsr”in “X” (keçmiş “Twitter”) hesabında paylaşdığı videoda bildirib. Klubun ayrıca paylaşımında futbolçunun 2027-ci ilə qədər müqavilə imzaladığı qeyd olunub.
Joao Feliks hələ də futbol tarixinin ən bahalı transferlərindən biri sayılır. Buna baxmayaraq, “Barselona”, “Milan” və “Çelsi”də keçirdiyi icarə müddətlərinə rəğmən, son altı ildə heç bir mövsümdə 10-dan çox qol vura bilməyib.
Ər-Riyadda nəşr olunan “Arryadia” idman qəzetinin yazdığına görə, Feliks “Əl-Nəsr”də illik 10 milyon dollar maaş alacaq.
Səudiyyə Ərəbistanı 2023-cü ildə Ronaldonu transfer etməklə Avropadan ulduz futbolçular cəlb etməyə başlamış və futbol dünyasında yeni dönəm açmışdı.
Qeyd: Ölkə 2034-cü ildə Dünya Çempionatına ev sahibliyi edəcək.
Səudiyyə klubları əsasən yaşlı ulduzları transfer etsə də, Feliks və ötən həftə “Al Qadsiah”a keçən, A Seriyasının bombardiri Mateyo Retegi (26 yaş) bu tendensiyaya istisna təşkil edir. Fransa yığmasının müdafiəçisi Teo Ernandes də bu ayın əvvəlində “Milan”dan “Al Hilal”a 29 milyon dollarlıq transferlə keçmişdi.
Ölkəyə tanınmış baş məşqçilər də cəlb olunub. Məsələn, İtaliyalı Simone Inzaqi “Al Hilal”ın “Mançester Siti” üzərində Klubların Dünya Çempionatında qazandığı sensasiyalı qələbəyə rəhbərlik etmişdi.
“Əl-Nəsr”də isə Joao Feliks portuqaliyalı baş məşqçi Corce Jezusun rəhbərliyi altında çalışacaq.
Qeyd: Jezus may ayında Asiya Çempionlar Liqasının yarımfinalındakı məğlubiyyətdən sonra “Al Hilal”dan göndərilmişdi.