Joao Pedro: “Fədakarlıq və zəhmətimlə öz dəyərimi göstərdim”
“Çox zəhmət və fədakarlıq sayəsində baş məşqçiyə, onun köməkçi heyətinə və yeni komanda yoldaşlarıma öz dəyərimi göstərə bildim”, – deyə Joao Pedro “Çelsi”dəki ilk mövsümü barədə FourFourTwo nəşrinə danışıb.
90plus.az xəbər verir ki, Pedro öz çıxışı barədə bunları deyib:
“‘Çelsi’ səviyyəsində bir klubda hər bir futbolçunun əsas heyətdə oynamaq potensialı var – bu da heç kimin arxayınlaşmasına imkan vermir. Komandadakı rolum qollar vurmaq və komanda yoldaşlarım üçün qol imkanları yaratmaqdır. Buna görə də hər oyunda yüz faiz gücümlə oynayıram ki, buna nail olum.
Azarkeşlərin mənə göstərdiyi sevgidən həqiqətən xoşbəxtəm, qürur duyuram və çox təsirlənirəm. Anam həmişə deyir ki, azarkeşlərin mənə olan sevgisini görəndə çox kövrəlir. Bu, möhtəşəm hissdir.
Hamıya demək istəyirəm ki, ilk növbədə dəstəyə görə böyük təşəkkür edirəm. Komandaya inanmağa davam edin, bizi dəstəkləyin, oyunlara gəlib ruhlandırın ki, birlikdə mübarizə aparaq və daha böyük uğurlara imza ataq.”
Joao Pedro Klubların Dünya Çempionatında üç oyunda üç qol vuraraq “Çelsi”ni kuboka daşıdığı məhsuldarlığı mövsüm boyu tam qoruyub saxlaya bilməsə də, bu mövsüm ümumilikdə 7 qol vurub. Onun 6 qolu Premyer Liqada qeydə alınıb və bu göstərici ilə o, turnirdə “mavilər”in ən məhsuldar futbolçusudur.
© Copyright 2026, All Rights Reserved