Joze Mourinyo: “Benfika"nı udduğum o komandalarım çox güclü idilər”

Joze Mourinyo: “Benfika"nı udduğum komandalarım çox güclü idi, indi vəziyyət o deyil”.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Fənərbağça” evdə “Benfika”nı qəbul edəcək. Matç öncəsi İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo Braziliya mətbuatına geniş müsahibə verib. Portuqaliyalı mütəxəssis həm Türkiyə futbolu, həm də öz karyerası barədə səmimi etiraflar edib.
Mourinyo bildirib ki, artıq Türkiyəyə tam uyğunlaşıb:
“Keçən mövsüm mənim üçün sürətli öyrənmə ili oldu. İndi mentaliteti və sistemi daha yaxşı anlayıram. Ötən ildən fərqli olaraq bu mövsüm daha hazırlıqlıyam. Türkiyədə məni ən çox heyrətləndirən futbol sevgisidir.
İnsanlar oyunçuları çox tez qəhrəmana çevirirlər, amma eyni sürətlə əksinə də dönə bilir. Əgər bu təzyiqi sevmirsinizsə, deməli, futbola həqiqətən aşiq deyilsiniz.”
Texnologiya ilə bağlı sualı cavablandıran təcrübəli çalışdırıcı zarafatla deyib:
“Mən süni intellekti yox, təbii intellekti istifadə edirəm. Onsuz işlər getməz. Amma bəli, süni intellekt maraqlıdır. Yeganə xoşuma gəlməyən odur ki, o, reallığı əks etdirməyən, amma gerçək kimi görünən şəkillər yarada bilir. Bu, çox vaxt kontekstdən kənar olur və xoşagəlməzdir.”
Mourinyo öz futbol fəlsəfəsi barədə də danışıb:
“Metodoloji baxımdan futbol mənim gəlişimlə dəyişdi. Mənim iş üslubuma maraq çox böyük idi. İtaliyaya ilk dəfə “İnter”ə gedəndə oyunçular belə mənim metoduma inanmırdılar, amma radikal dəyişiklik oldu. Futbol hələ də qələbələrlə ölçülür. Bəziləri deyir ki, Mourinyo əvvəlki Mourinyo deyil. Mən deyərəm ki, kim qələbə qazanırsa, daha təsirli odur. Mənim qazandığım titulların dəyəri onları necə qazandığımla ölçülür. “Porto” ilə Çempionlar Liqasını qazanmaq, “Real” ilə Barselonanı taxtdan salmaq, “Roma”ya ilk avrokubokunu gətirmək — bunlar sadəcə say yox, tarixdir.”
Son olaraq Mourinyoya “Benfika”ya qarşı psixoloji üstünlüyü olub-olmadığı soruşulub. Portuqaliyalı məşqçi isə belə cavab verib:
“Benfika ilə 9 oyunda yalnız 1 dəfə uduzmuşam. Amma o zamanlar çox güclü komandalarım var idi. İndi isə vəziyyət fərqlidir. Benfika çox güclü komandadır.”
Qeyd: 20 avqust saat 23:00 Fənərbağça - Benfika
(Çempionlar Liqası, pley-off. İlk oyun)
TV: CBC Sport; TRT 1; tabii; Okko Sport; Digiturk Play Turkey.