"Karvan"ın baş məşqçisi: "Ağır məğlubiyyət aldıq"
Misli Premyer Liqasında 26-cı turunda “Qarabağ” öz meydanında “Karvan Yevlax”ı darmadağın edərək 7:0 hesablı inamlı qələbə qazandıqdan sonra mətbuat konfransında hər iki baş məşqçi oyunu şərh edib.
90plus.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının çıxışını dəyərləndirib. Təcrübəli mütəxəssis bildirib ki, böyükhesablı qələbələr komandanın xarakterindən xəbər verir:
“Komandada xarakter olmasa, belə nəticələr əldə etmək mümkün olmazdı. Mövsüm ərzində enişli-yoxuşlu dövrlərimiz olub, amma hər dəfə toparlanmağı bacarmışıq. Futbolçularımızın potensialına inanırıq və sona qədər mübarizə aparacağıq.”
Qurbanov çempionatda rəqabətin artdığını da vurğulayıb. Onun sözlərinə görə, “Sabah”, “Neftçi”, “Zirə” və “Turan Tovuz” kimi komandalar son dövrlərdə daha stabil çıxış edirlər və bu da liqanı daha maraqlı edir. Baş məşqçi əlavə edib ki, hər oyuna maksimum ciddi yanaşmaq vacibdir.
Hakimliklə bağlı suallara isə o, ehtiyatlı münasibət sərgiləyib. Qurbanov qeyd edib ki, son vaxtlar hakimlərin qərarlarında müəyyən tərəddüdlər hiss olunur:
“Bəzən elə təsəvvür yaranır ki, hakimlər hansı qərarı verməkdə çətinlik çəkirlər. Ola bilsin, yeni qaydalar və ya artan təzyiq buna səbəb olur. Hakimlər də insandır və onların da formalaşması üçün zaman lazımdır.”
Digər tərəfdən, “Karvan Yevlax”ın baş məşqçisi Fizuli Məmmədov məğlubiyyəti qısa şərh edib. O bildirib ki, oyunun nəticəsi hər şeyi deyir:
“Bu gün çox ağır məğlubiyyət aldıq. Qarşılaşma barədə əlavə danışmağa ehtiyac yoxdur. Rəqibi təbrik edirəm və növbəti oyunlarda uğurlar arzulayıram.”
© Copyright 2026, All Rights Reserved