Klub rəhbərliyinin səbri tükənir: Amorimin 3 oyunu qaldı

The Mirror-nun məlumatına görə, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim vəzifəsini qoruyub saxlamaq üçün faktiki olaraq üç oyun şansına sahibdir.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında cəmi 31 oyunda 8 qələbə qazanılması səbəbindən klubdakı səbr tükənmək üzrədir. Bu mövsüm “Yunayted” Premyer Liqada 14-cü pillədə qərarlaşıb və “Qrimsbi Taun”a uduzaraq İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb.
Klub rəhbərliyi hələ də Amorimə tam dəstək olduqlarını bildirir. Lakin oktyabrda milli fasiləsindən öncə “Çelsi”, “Brentford” və “Sanderlend”lə görüşlərdən sonra vəziyyətə yenidən baxılacağı gözlənilir.
Xəbərdə qeyd olunur ki, artıq Amorimin mümkün əvəzləyiciləri üçün beş nəfərlik siyahı mövcuddur. Siyahıda İngiltərə yığmasının sabiq baş məşqçisi Qaret Sautgeyt, “Kristal Pelas”ın çalışdırıcısı Oliver Qlasner, “Fulhem”in baş məşqçisi Marko Silva, “Bornmut”u çalışdıran Andoni İraola, həmçinin uzun illərdir “Old Trafford”la adı hallanan ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino yer alır.
© Copyright 2025, All Rights Reserved