“Kəpəz”in futbolçusu bıçaqlandı
Gəncədə insident: “Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqlanıb.
90plus.az xəbər verir ki, Gəncə şəhərində bu gün səhər saatlarında xoşagəlməz hadisə qeydə alınıb. “Kəpəz” klubunun futbolçusu Veysəl Rzayev ictimai yerdə baş verən mübahisəyə müdaxilə edərkən bıçaq xəsarəti alıb.
Məlumata görə, hadisə Müseyib Bağırov küçəsində iki nəfər arasında yaranan əlbəyaxa dava zamanı baş verib. Hadisənin şahidi olan Veysəl Rzayev münaqişəni sakitləşdirmək və tərəfləri ayırmaq istəyib. Lakin bu zaman o, kəsici-deşici alətlə yaralanıb.
Futbolçu dərhal Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya çatdırılıb. Həkimlər ona təcili tibbi yardım göstərib, hazırda reanimasiya şöbəsində nəzarət altındadır. Verilən məlumata əsasən, Rzayevin vəziyyəti stabildir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Hadisənin bütün təfərrüatlarının istintaq zamanı aydınlaşdırılacağı bildirilir.
© Copyright 2026, All Rights Reserved