"Kristal Pelas" azarkeşlərinin pankartı FA tərəfindən araşdırılır

İngiltərə Futbol Assosiasiyası ("FA") avqustun 24-də baş tutan Premyer Liqa qarşılaşmasında "Kristal Pelas" azarkeşləri tərəfindən açılan qalmaqallı pankartla bağlı araşdırmaya başlayacaq.
90plus.az xəbər verir ki, "Nottingem Forest"lə keçirilən oyunda (1:1) nümayiş etdirilən pankart klubun sahibi Evangelos Marinakisi hədəf alıb.
Pankart "Kristal Pelas"ın "Holmsdeyl Fanatics" azarkeş qrupunun yerləşdiyi tribunada nümayiş etdirilib. Lakin bu görüntü "Sky Sports"un Böyük Britaniya yayımında göstərilməyib.
Təxribat xarakterli pankartda "Nottingem Forest"in yarımmüdafiəçisi Morqan Gibbs-Vayt başına tapança tuşlanmış vəziyyətdə təsvir olunub. Tapançanı isə klub sahibi Evangelos Marinakis tutur. Gibbs-Vaytın üstündəki nitq buludunda isə istehzalı şəkildə yazılıb:
“Cənab Marinakis şantaj, oyun manipulyasiyası, narkotik qaçaqmalçılığı və korrupsiyada iştirak etmir!”
Bundan başqa, pankartda Marinakisin əlində pulla dolu portfel, UEFA emblemi olan çantalarla yanaşı dayanan nümayəndə, keçmiş "Pelas" səhmdarı Con Tekstorun kloun kimi şəkli və Marinakis adına olan gəmi də təsvir olunub. Bu da onun “Capital Maritime & Trading Corp” şirkətinə rəhbərlik etməsinə işarədir.
"Kristal Pelas" klubunun qaydalarına əsasən, stadionda nümayiş etdirilən pankartlar təhqiramiz, böhtan xarakterli, siyasi və ya qıcıq doğuran məzmun daşımamalıdır. Klub bu tip pankartları rədd etmək hüququna malikdir.
Hazırda nə "Kristal Pelas", nə də "Holmsdeyl Fanatics" məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Premyer Liqa "The Athletic"ə verdiyi açıqlamada bildirib ki, məsələ "FA"nın səlahiyyətinə aiddir və intizam tədbirləri həmin qurum tərəfindən qiymətləndiriləcək.
Qeyd: Qarşılaşma öncəsində "Kristal Pelas" rəsmi sosial media hesablarından etdiyi paylaşımda azarkeşlərə xəbərdarlıq etmişdi: diskriminasiya, təhqiredici şüarlar, zorakılıq və meydan daxilinə icazəsiz giriş hallarına stadionda dözümlə yanaşılmayacaq.