Kristian Eriksen yenə meydanda huşunu itirdi, oyun ləğv edildi
Kristian Eriksen yenidən meydanda huşunu itirdi – Danimarka Futbol Federasiyasından açıqlama gəldi.
90plus.az xəbər verir ki, Danimarka millisinin Ukrayna ilə keçirdiyi yoldaşlıq görüşündə xoşagəlməz hadisə yaşanıb. Danimarka yığmasının aparıcı futbolçularından Kristian Eriksen matç zamanı qəfil huşunu itirərək meydanda yerə yıxılıb. Hadisədən sonra tibbi briqada dərhal meydana daxil olub və futbolçuya ilkin yardım göstərib.
Bir müddət sonra Eriksen ayağa qalxaraq təcili yardım maşınına öz ayaqları ilə yollanıb. Buna baxmayaraq, qarşılaşmanın davam etdirilməməsinə qərar verilib və oyun ləğv olunub.
Hadisədən sonra Danimarka Futbol Federasiyası rəsmi açıqlama yayıb:
“Kristian Eriksenin huşu özündədir və vəziyyəti şəraitə uyğun olaraq yaxşıdır. Oyun ləğv edilib”.
Danimarka millisinin həkimi Morten Boesen də futbolçunun durumu ilə bağlı məlumat verib:
“Kristian Eriksen özünü yaxşı hiss edir və meydanı öz ayaqları ilə tərk etdi. Mənim gördüyüm qədərilə, ürəyindəki kardiostimulyator (defibrilyator) lazım olduğu kimi reaksiya verdi. O, qısa müddət ərzində huşsuz vəziyyətdə idi, lakin çox tez özünə gəldi və biz dərhal onunla əlaqə qura bildik.
İndi hadisənin səbəbini müəyyənləşdirmək üçün xəstəxanada əlavə müayinələrdən keçəcək. Biz həm onunla, həm də xəstəxanadakı həkimlərlə daimi əlaqədəyik.
Kristianın vəziyyəti yaxşıdır. O, bütün futbolçulara salamlarını çatdırmağımı və yaxşı olduğunu bildirməyimi xahiş etdi”.
Qeyd: Eriksen 2021-ci ildə AVRO-2020 çərçivəsində Finlandiyaya qarşı keçirilən oyunda da meydanda huşunu itirmişdi. Həmin vaxt futbolçunun ürəyi dayanmış, həkimlərin operativ müdaxiləsi nəticəsində onun həyatı xilas edilmişdi. Daha sonra Eriksenin ürəyinə implantasiya olunan kardioverter-defibrilyator (ICD) yerləşdirilmişdi.
Hazırda 34 yaşlı yarımmüdafiəçinin vəziyyətinin stabil olduğu və əlavə müayinələrin nəticələrinin gözlənildiyi bildirilir.