Kristiano Ronaldodan Messi və Yamal haqqında açıqlamalar
“Al Nassr”la müqaviləsi başa çatan portuqaliyalı dünya ulduzu Kristiano Ronaldo gələcəyi, İspaniyanın gənc istedadı Lamine Yamal və uzun illər rəqabətdə olduğu Lionel Messi ilə bağlı mühüm açıqlamalar verib.
90plus.az xəbər verir ki, Ronaldo “FIFA”nın rəsmi saytına verdiyi müsahibədə həm şəxsi planları, həm də futbol dünyasının gündəmini zəbt edən mövzularla bağlı fikirlərini bölüşüb.
İspaniyanın gənc futbolçusu Lamine Yamal haqqında danışan Ronaldo onun gələcəyindən ümidli olduğunu bildirib:
“Lamine Yamal çox yaxşı gedir, istedadını ortaya qoyur. Onun böyüməsinə imkan verin. Üzərinə artıq dərəcədə təzyiq etməyin. İstedad problemi yoxdur. Məncə, Ballon d'Or mükafatını “Çempionlar Liqası”nı qazanan biri qazanmalıdır. Tək bir futbolçu adı çəkə bilmərəm, namizədlər çoxdur: Lamine Yamal, Kylian Mbappe, Ousmane Dembele, Vitinha... Amma əvvəllər də demişdim: bu mükafat artıq əvvəlki kimi dəyərli deyil.”
“Al Nassr”la yollarını hələ ki, davam etdirməyən Ronaldo gələcəklə bağlı təkliflər aldığını, lakin yaxın perspektivi diqqətlə dəyərləndirdiyini qeyd edib:
““FIFA Klub Dünya Çempionatı”na qatılmayacağım demək olar ki, dəqiqləşib. Bir çox dəvət və təklif gəldi, danışıqlar oldu. Amma qısa, orta və uzunmüddətli planları nəzərə almaq lazımdır. Mənim düşüncə tərzim günü-günə yaşamaqdır. Oynamaq üçün çox ilim qalmayıb, amma bu anın dadını çıxarıram. Təqaüdə çıxacağım gün hələ bəlli deyil. Özümü xoşbəxt hiss edirəm və bu hiss məni motivasiya edir.”
Uzun illər dünya futbolunun zirvəsində rəqabət apardığı Lionel Messi haqqında danışan Ronaldo keçmiş rəqibinə hörmətini ifadə edib:
“Əlbəttə Messi ilə bağlı hisslərim müsbətdir. 15 il eyni səhnəni paylaşdıq. Bəzən tədbirlərdə ona ingilis dilində kömək edirdim, çünki bu dili yaxşı bilmirdi. Mənə həmişə yaxşı yanaşıb, hörmət göstərib.”