Kurban Berdıyev: "Bu gün çox vacib iki xalı itirdik"
Misli Premyer Liqasının 24-cü turunda “Kəpəz” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Gəncə təmsilçilərinin duelində qalib müəyyənləşməyib – qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçdan sonra hər iki komandanın baş məşqçiləri oyunu dəyərləndiriblər.
90plus.az xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev nəticədən razı qalmadığını bildirib:
“Bu gün bizim üçün kifayət qədər vacib olan iki xalı itirdik. Oyunun ikinci hissəsi fərqli alındı. Artıq bu nəticəni geridə qoyub növbəti qarşılaşmaya hazırlaşacağıq”.
Təcrübəli mütəxəssis ilk hissədə zədələnərək meydanı tərk edən Enrikenin əvəzinə oyuna daxil olan Faiq Hacıyevin çıxışına da toxunub:
“Faiq Hacıyev uzun müddət oyun praktikasından uzaq qaldığı üçün onun çıxışında müəyyən səhvlər müşahidə olunurdu. Digər oyunçumuz Millerə gəldikdə isə, o, zədəli olduğu üçün bu gün meydana çıxa bilmədi”.
Berdıyev “Zirə” və “Neftçi” üzərindəki qələbələrdən sonra autsayder sayılan rəqiblə xal itkisini emosional amillərlə əlaqələndirib:
“Burada əsas məsələ emosional vəziyyətdir. Futbolçular turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalarla oyunlara köklənməkdə bəzən ciddi problemlər yaşayırlar”.
“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının mübarizəsindən razı qaldığını deyib və azarkeşlərə təşəkkür edib:
“Azarkeşlərimizə sona qədər göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Futbolçularımız da meydanda can qoyaraq bu dəstəyin qarşılığını verdilər. Hazırda müəyyən çatışmazlıqlarımız olsa da, matçdan-matça daha yaxşı performans sərgiləyəcəyik. Zaman keçdikcə azarkeşlər tam fərqli, istədiyimiz futbolu oynayan ‘Kəpəz’ görəcəklər”.
Bağırov rəqibin qol epizodunu da şərh edib:
“Hücuma çıxarkən top itirdik və nəticədə zonamız boşaldı. Bir zonanı boş qoyduqda digər boşluqlar da zəncirvari şəkildə üzə çıxır. Rauf Rüstəmli həmin epizodda maksimumunu etməyə çalışsa da, amma əfsuslar olsun ki, ayağı sürüşdü. Rəqibin usta futbolçuları öz bacarıqlarını göstərdilər. Onların fərdi keyfiyyətlərini danmaq olmaz”.
Baş məşqçi komandasının son turlarda daha stabil oyun nümayiş etdirdiyini də vurğulayıb:
“Son 4-5 turdur ki, kifayət qədər stabil və istəkli oyun nümayiş etdiririk. Meydanda əsl futbol oynamağa çalışırıq və hesab edirəm ki, bu gün də maraqlı mübarizə alındı. Tapşırıqları layiqincə yerinə yetirdikləri üçün futbolçularıma təşəkkür edirəm”.