Kyellini "Yuventus"a Osimhenlə bağlı xəbərdarlıq etdi
“Yuventus” klubunun icraçı direktoru Corco Kyellini Çempionlar Liqasının püşkatmasından sonra Sky Sport kanalına açıqlama verib.
90plus.az xəbər verir ki, o, pley-off mərhələsində “Qalatasaray”a qarşı keçiriləcək oyunlar, rəqib komandanın gücü və transfer bazarı ilə bağlı fikirlərini bölüşüb.
Pley-off qarşılaşmaları 17–24 fevral tarixləri arasında baş tutacaq. Kyellini İstanbul təmsilçisi haqqında danışarkən bunları deyib:
“Qalatasaray" güclü fərdlərə malik çox yaxşı komandadır. Cavab oyununu evdə oynayacağıq, yəni hər şey İstanbulda bitməyəcək. Amma biz o stadiona gedib öz oyunumuzu oynamalıyıq. Onların zəif cəhətlərini üzə çıxarmalıyıq – çünki belə cəhətləri var – eyni zamanda təkcə hücum xəttində yox, ümumilikdə sahib olduqları böyük potensialı və fərdi keyfiyyəti də məhdudlaşdırmalıyıq. Viktor Osimheni hamımız yaxşı tanıyırıq, amma başqa vacib oyunçular da var”.
Kyellini Osimhenlə bağlı ayrıca qeyd edib:
“Bir vaxtlar onu şəxsən markajlamaq istərdim, amma indi iki dəqiqə də tab gətirmərəm (gülür). Karyeram ərzində ona qarşı bir neçə dəfə oynamışam, amma bu, artıq mənim üçün gec idi – fiziki göstəricilərim Osimhen kimi oyunçuya qarşı məhdud idi. Amma ‘Qalatasaray’ təkcə Osimhen deyil. Komandada çoxlu vacib futbolçular var. Türkiyə liqası ciddi investisiyalar edir və yüksək səviyyəli oyunçular cəlb olunur. Çox maraqlı iki oyun olacaq”.
Transfer bazarı və Osimhen ehtimalı barədə isə Kyellini belə danışıb:
“Qısa müddətdə transferlə bağlı yenilik yoxdur, amma bazarın bağlanmasına üç gün qalıb, ona görə də nələrsə dəyişə bilər. Gedəcək oyunçularla bağlı da yeni xəbər yoxdur. Osimhen? Əgər bu səviyyədə futbolçuların maraq dairəmizdə ola biləcəyini deyirsinizsə, əlbəttə ki, maraq var. Amma real olaraq bundan artıq heç nə olmayıb”.
Sonda Kyellini “Qalatasaray”a hörmət etdiklərini vurğulayıb və eyni zamanda “Yuventus”un inkişaf etdiyini, bu mövsüm pley-off mərhələsi ilə kifayətlənməyərək daha irəli getmək istədiyini bildirib.