Lamin Yamal: “Həyatımdan zövq alıram!”

“Həyatımdan zövq alıram!” – Lamin Yamal 18 yaşının partisindən sonra yaranan qalmaqala cavab verdi!
90plus.az xəbər verir ki, “Barselona”nın gənc ulduzu Lamin Yamal ad günündəki mübahisəli hadisəyə görə yönələn tənqidlərə cavab verərək, futbola fokuslandığını və şəxsi həyatından zövq almaq haqqına sahib olduğunu bildirib.
Yamal bu açıqlamanı ad günündə baş verən qalmaqallı hadisədən sonra ilk dəfə açıq şəkildə səsləndirib.
Qeyd: Onun 18 yaşını qeyd etdiyi tədbirdə cırtdanboy insanlardan şou məqsədilə istifadə olunduğu iddia edilir və bu, sosial şəbəkələrdə böyük əks-səda doğurub. Hazırda İspaniyanın Sosial Hüquqlar Nazirliyi məsələ ilə bağlı araşdırma aparılmasını tələb edib. Şikayəti “Achondroplaziya və digər sümük displaziyaları ilə yaşayan insanlar assosiasiyası” (ADEE) təqdim edib. Sosial mediada yayılan videoda tədbirə cırtdanboy artistlərin gəlməsi əks olunub ki, bu da hüquqi müstəvidə araşdırmaya səbəb olub.
Yamal isə məsələ ilə bağlı hüquqi detallar barədə danışmasa da, mətbuat konfransında şəxsi və peşəkar həyatını bir-birindən ayırdığını vurğulayıb:
“Sonda mən ‘Barselona’ üçün çalışıram, bu klub üçün oynayıram. Amma Ciudad Deportiva-dan kənara çıxdığım anda öz həyatımdan zövq alıram, vəssalam.”
Gənc hücumçu sualın katalon dilində verilməsinə baxmayaraq, cavabını ispan dilində verərək sözlərinin düzgün başa düşülməsini təmin etmək istədiyini bildirib. Bu addım onun ictimai imicinə və məsuliyyətinə verdiyi əhəmiyyətin göstəricisi kimi qiymətləndirilib.
Yamal, eyni zamanda, məşhur 10 nömrəni daşımaqla bağlı heç bir təzyiq hiss etmədiyini və kənardan gələn tənqidlərə və ya təriflərə qarşı “necə deyərlər, laqeyd” olduğunu da söyləyib.
Yeni mövsümə (2025/26) baş məşqçi Hansi Flikin rəhbərliyi altında hazırlaşan Yamal, meydandakı performansına fokuslanıb və görünür ki, şəxsi həyatına yönələn ictimai təzyiqlər onun inkişafına mane olmayacaq. Gənc ulduz bu mərhələdə həyatını öz istədiyi şəkildə yaşamaqda qərarlıdır.
Qeyd: "Barselona" Lamin Yamalla 2031-ci ilin yayına qədər yeni müqavilə imzalayıb.