Lamin Yamal klub məşqçisindən şikayət etdi
“Barselona”nın cinah oyunçusu Lamin Yamal son bir neçə ayda qasıq nahiyəsində yaşadığı problem səbəbilə əziyyət çəkir.
90plus.az xəbər verir ki, gənc futbolçu klubun fitnes məşqçisi Xulio Tousun reabilitasiya metodlarından narazılığını klub rəhbərliyinə bildirib. The Athletic belə yazır.
“Barselona” təsdiqləyib ki, Yamal sentyabr ayında İspaniya millisinin oyunlarından sonra qasıq nahiyəsində zədə alıb. Hərçənd qısa müddətlik meydana dönsə də, PSJ-yə qarşı keçirilən Çempionlar Liqası oyunundan sonra özünü pis hiss edib və yenidən istirahətə ehtiyac duyub.
Daha sonra futbolçu 5 oktyabrda “Sevilya”ya qarşı La Liqa oyununu, eləcə də İspaniyanın Gürcüstan və Bolqarıstana qarşı dünya çempionatı seçmə matçlarını buraxıb.
Milliyə qoşulmaq əvəzinə Yamal müalicəsini davam etdirmək üçün Barselonada qalıb və Tousun nəzarətində müalicə alıb. O, həmçinin qısa müddətli istirahət üçün Xorvatiyaya da səfər edib. Bir neçə reabilitasiya məşqindən sonra Yamal bərpa prosesinin idarə olunmasından narazı qaldığını klub rəhbərliyinə çatdırıb və alternativ tibbi heyət tələb edib. “Barselona” isə bu tələbi qəbul edib.
The Athletic-ə danışan bir neçə mənbə bildirib ki, komandanın digər futbolçuları da reabilitasiya protokolları ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
© Copyright 2025, All Rights Reserved