Lamin Yamal üçün şok iddia – sağalması mümkünsüz zədə!
İspan mətbuatı “Barselona”nın möcüzə futbolçusu Lamin Yamalın müalicəsi olmayan xroniki zədə ilə oynadığını iddia edib. Klub rəhbərliyi vəziyyətdən ciddi narahatdır.
90plus.az xəbər verir ki, “Barselona”nın dünya futboluna qazandırdığı ən böyük istedadlardan biri hesab olunan Lamin Yamal haqqında İspaniyada səs-küylü iddia irəli sürülüb. “Sport” nəşrinin məlumatına görə, cəmi 18 yaşlı futbolçu müalicəsi olmayan xroniki qasıq zədəsi – pubalji sindromundan əziyyət çəkir.
Yamal 2023-cü ilin avqustunda, hələ 15 yaşında ikən “Barselona”nın əsas heyətində debüt etmişdi. Gənc futbolçu 2024 mövsümündə həm klub, həm də İspaniya yığması ilə qazandığı uğurlarla diqqət mərkəzinə düşmüş, “Paris Sen-Jermen”in oyunçusu Usman Dembelenin ardından 2025 “Ballon d’Or” sıralamasında ikinci yeri tutmuşdu.
Lakin İspan mətbuatına görə, Yamalın parlaq karyerasını təhlükə altına atan bu zədə uzunmüddətli və sağalması çətin bir haldır. Klubun tibbi heyəti gənc oyunçunun ağrılarının xroniki xarakter daşımasından narahatdır.
Pubalji futbolçular arasında geniş yayılmış və bəzən “idman fitığı” adlandırılan bir zədələnmədir. Bu vəziyyətdə qasıq və qarın əzələləri arasındakı tarazlığın pozulması güclü ağrılara səbəb olur. Xəstəliyin tam sağalması adətən yalnız cərrahi müdaxilə ilə mümkündür.
“Barselona”nın əfsanəvi futbolçusu Lionel Messi də karyerasının müəyyən dövründə eyni problem yaşayıb. O, 2019-cu ildə verdiyi müsahibəsində belə demişdi:
“Pubalji çox mürəkkəb bir zədədir. Uzun müddət bu ağrını çəkirdim, az məşq edə bilirdim və bütün oyunlarda iştirak edə bilmirdim.”
Spor travmatologiyası üzrə mütəxəssis doktor Ripoll isə “El Larguero”ya açıqlamasında bu vəziyyətin Yamalın oyununa təsirindən danışıb:
“Bu, oyunçunun hərəkət və zərbə qabiliyyətini 50 faizədək azaldan ağrıdır. ‘El-Klasiko’da da eyni mənzərəni gördük. Bu zədə futbolçunun meydana çıxmasına imkan versə də, onu ən yüksək səviyyəsindən uzaqlaşdırır və performansını ciddi şəkildə aşağı salır.”