“Latsio” Genduzinin yerini dərhal doldurdu: 17 milyon avroluq transfer
“Fənərbağça” ilə Matteo Genduzi transferi üzrə razılığa gələn “Latsio” fransız yarımmüdafiəçinin boşluğunu gözləmədən doldurub. Roma təmsilçisi yeni orta sahə oyunçusu üçün “Ayaks”la anlaşma əldə edib.
90plus.az xəbər verir ki, qış fasiləsində daha bir transferi yekunlaşdırmağa yaxın olan “Fənərbağça” “Latsio”nun futbolçusu Matteo Genduzi ilə razılaşıb. 26 yaşlı yarımmüdafiəçi transfer prosedurlarının tamamlanması üçün artıq İstanbula gətirilib.
Genduzinin gedişindən sonra orta sahə üçün axtarışlara başlayan “Latsio” “Ayaks”ın futbolçusu Kennet Teylorla razılıq əldə edib. Tanınmış insayder Fabrizio Romanonun məlumatına görə, İtaliya klubu bu transfer üçün bonuslarla birlikdə “Ayaks”a 17 milyon avro ödəyəcək.
Xəbərdə bildirilir ki, Kennet Teylor bu axşam Romaya yollanacaq və tibbi baxışlardan keçdikdən sonra 2030-cu ilə qədər qüvvədə olacaq müqaviləyə imza atacaq.
Futbola Hollandiyada “Forresters” klubunun akademiyasında başlayan Teylor 2010-cu ildə “Ayaks”ın aşağı yaş qruplarına cəlb olunub. 2020-ci ildə əsas komandaya yüksələn yarımmüdafiəçi karyerası ərzində 313 oyunda meydana çıxaraq 67 qol və 55 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved