Levandovskidən akademiyalarını tənqid: “Zavod kimi işləyirlər”
“Barselona”nın ulduz hücumçusu Robert Levandovski müasir futbol akademiyalarını sərt şəkildə tənqid edib. Polşalı futbolçu hesab edir ki, indiki təlim sistemi eyni tip oyunçular yetişdirir və fərdi xüsusiyyətləri olan futbolçuların ortaya çıxmasına mane olur.
90plus.az xəbər verir ki, hazırda karyerasının 22-ci peşəkar mövsümünü keçirən 36 yaşlı hücumçu bildirib ki, müasir akademiyalar demək olar ki, “zavod” kimi işləyir və futbolçuların fərqli düşünmə qabiliyyətini məhdudlaşdırır.
Levandovski xüsusilə hücumçu mövqeyində oynayan futbolçuların yetişdirilməsi ilə bağlı problemlərə diqqət çəkib. Onun sözlərinə görə, böyük qolçu olmağı akademiyada tam şəkildə öyrənmək mümkün deyil.
Təcrübəli futbolçu bildirib ki, hücumçu komandanın digər üzvlərindən fərqli düşünməli və meydanda daha cəsarətli qərarlar verməlidir. O, müasir futbolda bu cür fərqli oyunçuların sayının getdikcə azaldığını vurğulayıb.
Levandovskiyə görə, qolçuluq yalnız texniki bacarıq deyil, həm də xüsusi düşüncə tərzi və instinkt tələb edir.
“Fərqli olmalısınız, fərqli düşünməlisiniz. Hər il bunu daha az görürəm. Bu təkcə istedad məsələsi deyil. Ən vacib olan şey düşüncə tərzidir – komandanın qalan hissəsindən fərqli düşünmək cəsarətidir. Hücumçu topun hara düşəcəyini və hara qaçmalı olduğunu əvvəlcədən bilməlidir. Çünki meydanda bunu həqiqətən bilən yeganə oyunçu odur. Bu, instinktdir”, – deyə polşalı futbolçu qeyd edib.
Qeyd: Robert Levandovski son illərin ən məhsuldar hücumçularından biri hesab olunur və hazırda İspaniyanın “Barselona” klubunda çıxış edir.
© Copyright 2026, All Rights Reserved