Lionel Messiyə sürpriz təklif: "Əl-Əhli" danışıqlara başladı

"İnter Mayami" klubunda çıxış edən argentinalı ulduz futbolçu Lionel Messinin müqaviləsi bu ilin sonunda başa çatır. Klubla hələ də yeni sözləşmə imzalamayan təcrübəli oyunçu üçün gözlənilməz transfer iddiası gündəmə gəlib.
90plus.az xəbər verir ki, Fransanın "L'Equipe" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu Messi ilə danışıqlara start verib. Klub rəhbərliyi müqaviləsi dekabr ayında bitəcək ulduz futbolçunu transfer etmək üçün bütün imkanlarını səfərbər etməyə hazır olduğunu bildirib.
Məlumata görə, "Əl-Əhli" nümayəndələri bir neçə həftədir ki, Messini bu transferə razı salmağa çalışır. Digər tərəfdən, "İnter Mayami" isə 37 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədir.
Messi bu günə qədər "İnter Mayami" forması ilə 64 oyuna çıxıb, 52 qol vurub və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Əgər "Əl-Əhli"yə keçidi baş tutarsa, o zaman "Əl-Nəsr"lə müqaviləsini uzadan Kriştiano Ronaldo ilə yenidən rəqib olacaq.
© Copyright 2025, All Rights Reserved