"Liverpul" – "Bornmut" matçında irqçilik qalmaqalı: Semenyo'ya dəstək yağdı

İngiltərə Premyer Liqasının mövsüm açılışında keçirilən "Liverpul" – "Bornmut" qarşılaşmasında qonaq komandanın 25 yaşlı qanalı futbolçusu Antuan Semenyo irqçi hücuma məruz qalıb.
90plus.az xəbər verir ki, matçın 29-cu dəqiqəsində "Bornmut"un sağ cinah oyunçusu Semenyoya "Liverpul" azarkeşlərindən biri tərəfindən irqçi ifadələr səsləndirilib. Bu səbəbdən baş hakim Entoni Teylor oyunu bir müddət dayandırıb.
"Mersisayd" polisi insidentlə bağlı açıqlama yayaraq, 47 yaşlı azarkeşin "Enfild" stadionundan çıxarıldığını və barəsində araşdırmaya başlanıldığını bildirib.
Semenyo insidentdən sonra ABŞ mərkəzli "Instagram" sosial şəbəkəsində paylaşım edərək ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:
"Dünən gecə 'Enfild'də baş verənlər bir nəfərin sözləri ilə deyil, bütün futbol ailəsinin birlik nümayiş etdirməsi ilə yadda qalacaq. Mənə dəstək olan komanda yoldaşlarıma, əsl xarakterlərini göstərən 'Liverpul' futbolçularına və azarkeşlərinə, həmçinin peşəkar yanaşma sərgiləyən Premyer Liqa rəsmilərinə minnətdaram."
Qarşılaşmada iki qol vuran Semenyo sözlərinə belə davam edib:
"Futbol ən çətin anlarda öz gözəlliyini göstərir. O iki qolu vurmaq, meydanda əslində vacib olan tək dili danışmaq kimi idi. Mən bu oyun üçün yaşayıram – bu anlar üçün, komanda yoldaşlarım üçün, bu oyunun nə ola biləcəyinə inanan hər kəs üçün. Futbol dünyasından aldığım saysız-hesabsız dəstək mesajları bu idmanı niyə sevdiyimi bir daha xatırlatdı. Birlikdə irəliləməyə davam edirik."
Premyer Liqa və "Liverpul" klubu da hadisəyə dair bəyanat yayaraq Semenyonun yanında olduqlarını və irqçiliyi qəti şəkildə qınadıqlarını bildiriblər.
© Copyright 2025, All Rights Reserved