“Liverpul” Dioqo Jotanın adı yazılı formalarda oynayacaq

"Liverpul" Dioqo Jotanın vəfatından sonra onu anmaq məqsədilə bir sıra yeni təşəbbüsləri rəsmən elan edib.
90plus.az xəbər verir ki, bu təşəbbüslərə Enfild stadionunda daimi heykəlin ucaldılması, yeni adidas formalarında “Forever 20” embleminin yerləşdirilməsi və azarkeşlər istədikləri təqdirdə formaların arxasına “Dioqo J 20” yazısını əlavə etdikdə əldə olunacaq gəlirin "LFC Foundation" xeyriyyə fonduna yönəldilməsi daxildir.
Jotanı anmaq üçün əsas mərasim 15 avqust cümə günü, Premyer Liqa mövsümünün açılış matçı olan "Liverpul – Bornmut" oyunu öncəsi baş tutacaq. Mərasim çərçivəsində xüsusi azarkeş mozaikası nümayiş olunacaq və bir dəqiqəlik sükut təşkil ediləcək.
Enfild, AXA Təlim Mərkəzi və AXA Melwood Təlim Bazası da daxil olmaqla klubun bütün obyektlərində qoyulmuş çiçək dəstələri kompost halına salınacaq və həmin məkanlardakı gül bağlarında istifadə olunacaq. Qalan xatirə əşyaları isə ixtisaslaşmış şirkət tərəfindən təkrar emal ediləcək və Enfilddəki daimi abidənin bir hissəsinə çevriləcək.
Yeni formalar 1 avqustda təqdim olunacaq. Futbolçular həmin formalar və stadion gödəkçələrində xüsusi hazırlanmış “Forever 20” emblemi ilə Dioqo Jotaya öz ehtiramlarını ifadə edəcəklər. Bu emblem mövsüm boyunca istifadə olunacaq.
© Copyright 2025, All Rights Reserved