“Liverpul” Florian Virtsi rəsmən elan etdi

“Liverpul” “Bayer Leverkuzen”in hücumameylli yarımmüdafiəçisi Florian Virtzin transferini rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, Almaniya millisinin üzvü İngiltərə klubu ilə 5 illik müqavilə imzalayıb. Yerli medianın məlumatına görə, Virtz həftədə təxminən 200 min funt sterlinq maaş alacaq. Transferin ilkin məbləği 100 milyon funt sterlinq olaraq göstərilir, üzərinə 16 milyon funt sterlinq bonus da əlavə oluna bilər. Əgər bu bonuslar tam ödənilsə, bu, həm “Liverpul”un tarixində ən bahalı, həm də Premyer Liqa tarixində rekord transfer ola bilər.
Transfer rəsmiləşdikdən dərhal sonra klubun saytına danışan Virtz sevincini gizlətməyib:
“Özümü çox xoşbəxt və qürurlu hiss edirəm. Nəhayət hər şey başa çatdı. Uzun müddətdir bu anı gözləyirdim və indi çox xoşbəxtəm. Qarşıda məni yeni bir macəra gözləyir. Bu da mənim qərarımda əsas səbəblərdən biri idi – Bundesliqanı tərk edib Premyer Liqaya keçmək istədim. Görüm, orada necə çıxış edəcəyəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Orada oynamış bəzi futbolçularla da danışdım, dedilər ki, bu liqa mənim üçün çox uyğundur. Hər stadion əladır, hər oyundan zövq almaq olur. İlk oyunum üçün səbirsizlənirəm.”
Florian Virtz “Liverpul”a yüksək motivasiya ilə gəldiyini və klubun son illərdəki uğurlarını yaxından izlədiyini bildirib:
“Buradakı oyunçuların bu uğuru yaşamasına və azarkeşlərin bu coşğusuna sevinirdim. Bu, tamamilə layiqli idi, çünki komanda inanılmaz mövsüm keçirdi. Hər şey möhtəşəm görünürdü – izdiham, atmosfer. Amma mən bura sadəcə əylənməyə gəlməmişəm, uğur qazanmaq və azarkeşlərin layiq olduğu nəticələri vermək istəyirəm. Məqsədim bütün turnirlərdə qalib gəlməkdir. Əlbəttə, ilk olaraq öz işimi görməliyəm. “Liverpul” ötən mövsüm Premyer Liqanın qalibi oldu, mən də bu uğuru yenidən yaşamaq, Çempionlar Liqasında da daha irəliləmək istəyirəm. Hədəflərim böyükdür.”
O, həmçinin bu qərarın şəxsi inkişaf baxımından önəmli olduğunu vurğulayıb:
“Mənim üçün vacib olan məqam şəxsi inkişafımdır. Texniki və fiziki baxımdan daha da güclənmək istəyirəm. Hamı bilir ki, “Liverpul”un oyunçuları fiziki cəhətdən çox güclüdür, əsl ‘maşın’dırlar. Mən də bu fürsəti öz inkişafım üçün görürəm. Düşünürəm ki, bu klub mənim üçün düzgün seçimdir.”
Qeyd: Virtz “Bayer Leverkuzen”də 5 il yarım ərzində 197 oyuna çıxıb, 57 qol vurub və 64 qolun ötürməsini verib. İndi isə o, karyerasının yeni mərhələsinə “Liverpul”da başlayır.