“Liverpul” Salahın yerinə 40 milyon avroya oyunçu tapıb
“Liverpul” Salahın əvəzləyicisini Bundesliqada tapdı.
90plus.az xəbər verir ki, “Liverpul” rəhbərliyi komandanı mövsümün sonunda tərk edəcək Məhəmməd Salahın yerini doldurmaq üçün artıq axtarışlara başlayıb.
Misirli ulduz klub tarixinin əfsanələrindən biri hesab olunur. O, “Liverpul”la birlikdə Çempionlar Liqasını və iki dəfə İngiltərə Premyer Liqasını qazanıb. Üstəlik, ötən mövsüm 47 qol iştiraklı performansı ilə komandanın çempionluğunda əsas rol oynayıb.
Lakin bu mövsüm vəziyyət dəyişib. Salah Çempionlar Liqasının 1/4 finalında PSJ-yə qarşı oyunda ehtiyatda qalıb və komandasının məğlubiyyətini kənardan izləyib. Oyundan sonra onun reaksiyası gələcəyi ilə bağlı sualları artırıb və futbolçu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Beləliklə, “Liverpul” son illərin ən önəmli futbolçularından birini əvəzləmək kimi çətin vəzifə ilə üz-üzədir.
Xatırlatma: Klub ötən yay Luis Diası satsada, onun yerini tam doldura bilməyib və Kodi Qakponun bu rolu üzərinə götürəcəyi gözlənilsə də, niderlandlı futbolçu ümidləri doğrultmayıb.
“Liverpul” əvvəlcə “Bayern Münhen”in futbolçusu Maykl Olise ilə maraqlansa da, Almaniya klubu transfer üçün sərt şərtlər irəli sürüb. Bu səbəbdən mersisaydlılar alternativ variantlara yönəlib.
“Bild” nəşrinin məlumatına görə, İngiltərə təmsilçisi “Hoffenhaym”ın gənc cinah oyunçusu Bazumanu Ture ilə maraqlanır. Alman klubu 20 yaşlı futbolçu üçün təxminən 35 milyon funt sterlinq (40 milyon avro) tələb edə bilər.
Qeyd olunur ki, Ture uğrunda “Bayern Münhen” də mübarizə aparır. Bu səbəbdən “Liverpul” transferi reallaşdırmaq istəyirsə, daha çevik davranmalı olacaq.
© Copyright 2026, All Rights Reserved