“Liverpul” Uqo Ekitike üçün 106 milyon dolları fəda edir

“Liverpul” “Ayntraxt”ın hücumçusu Uqo Ekitikeni transfer etməyə çox yaxındır. ESPN-in məlumatına görə, tərəflər arasında ümumi dəyəri təxminən 106 milyon dollara çatan razılıq əldə olunub.
90plus.az xəbər verir ki, transferin ilkin məbləği 92.7 milyon dollar, əlavə 13.4 milyon dollar isə bonuslar şəklində ödənilə bilər.
Ekitike artıq 6 illik müqavilə şərtlərinə razılıq verib və Böyük Britaniyaya səfər üçün icazə alıb. Onun çərşənbə axşamı tibbi müayinədən keçmək üçün İngiltərəyə gələcəyi gözlənilir.
Ümid edilir ki, fransalı hücumçu “Liverpul”un Asiya qastroluna da qoşulacaq. Turne şənbə günü “Milan”a qarşı Honkonqda keçiriləcək oyunla başlayacaq.
ESPN-in mənbələrinin bildirdiyinə görə, Ekitike uzun müddətdir “Liverpul”a keçmək istəyirdi. Halbuki o, əvvəllər “Nyukasl Yunayted” və “Mançester Yunayted”lə də əlaqələndirilirdi.
ESPN daha əvvəl xəbər vermişdi ki, “Nyukasl”ın 86.3 milyon dollar təklifi “Ayntraxt” tərəfindən rədd edilmişdi. Frankfurt klubu həmçinin “Liverpul”un Aleksandr İsak üçün etdiyi təklifə də “yox” cavabı vermişdi.
Ekitike artıq “Liverpul”un baş məşqçisi Arne Slotla da danışıb. Niderlandlı çalışdırıcı ona öz sistemində “9 nömrə” kimi görmək istədiyini bildirib.
Bu transfer futbolçunun ötən mövsüm Bundesliqada 33 oyunda 15 qol vurmasından sonra baş tutur. O, 2024-cü ilin fevralında PSJ-dən Frankfurt klubuna keçmişdi. Qeyd edək ki, bu transferdən PSJ də 20% (təxminən 13.8 milyon funt) pay alacaq.
Ekitike hələ Fransa milli komandasının əsas heyətində debüt etməyib. Amma ESPN-ə danışan mənbə bildirib ki, Premyer Liqada “Liverpul” kimi böyük klubda çıxış etməsi onun 2026 Dünya Çempionatına qədər yığmaya dəvət alma şansını xeyli artıracaq.
© Copyright 2025, All Rights Reserved