“Liverpul”dan Morton: “Oyun şansı istəyirəm”

“Liverpul”un yarımmüdafiəçisi Tayler Morton bu mövsüm daha çox oynamaq istədiyini və komandaya daha böyük töhfə vermək əzmində olduğunu açıq şəkildə dilə gətirib.
90plus.az xəbər verir ki, 22 yaşlı ingilis futbolçu bunları söyləyib:
“Oyun şansı dərdindəyəm, sadəcə bu. Düzünü desəm, ötən mövsüm mənim üçün meydanda olmaq baxımından çətin keçdi. Amma bu, mənim üçün böyük təcrübə ili oldu. Futbolçulardan, baş məşqçidən çox şey öyrəndim, indi isə hazıram. Oynamağa tam hazıram,” – deyə Morton bildirib.
“Blekbern Rovers” və “Hall Siti”də icarə əsasında keçirdiyi dövrlərdə 46 və 41 oyun təcrübəsi qazanan Morton “Enfild”ə qayıtdıqdan sonra ötən mövsüm cəmi 6 oyunda şans qazanıb.
Baxmayaraq ki, “Liverpul”un Premyer Liqa çempionu olan heyətinin üzvü olub, Morton meydanda az vaxt keçirdiyindən şəxsi məmnuniyyətin tam olmadığını etiraf edib:
“Mən böyük ‘Liverpul’ azarkeşiyəm, ailəmlə, dostlarımla birgə bu uğuru qeyd etmək əla idi. Bu mövsümdə oyun vaxtından başqa heç nəyi dəyişmək istəməzdim! Möhtəşəm mövsüm idi və mən bütün ‘Liverpul’ icması üçün sevinirəm. Hər oyuna gələn azarkeşlər üçün… Komanda olaraq ötən mövsüm çox güclü idik, ümid edirəm ki, bu mövsüm daha da irəli gedəcəyik,” – deyə Morton əlavə edib.
© Copyright 2025, All Rights Reserved