Luka Modriç: “Futbolçu olmasaydım, ofisiant olmaq istərdim”
“Milan”ın ulduz yarımmüdafiəçisi Luka Modriç bildirib ki, karyerasının “Real Madrid”də başa çatacağını həmişə düşünüb və “rossoneri”yə keçidi onu hələ də təəccübləndirir.
90plus.az xəbər verir ki, Modriç Corriere della Sera saytına geniş müsahibə verib və karyerası ilə bağlı bir çox mövzulardan danışıb.
O, “Milan”a keçidi barədə belə deyib:
“Həyat həmişə səni təəccübləndirir. Heç vaxt mümkün saymadığın şeylər baş verir. Mən əmin idim ki, karyeramı ‘Real Madrid’də bitirəcəyəm, amma belə olmadı. Bununla belə, həmişə bunu düşünmüşəm: əgər nə vaxtsa başqa komandada oynayacaq olsaydım, bu ‘Milan’ olardı. Mən bura qalib gəlmək üçün gəlmişəm.”
Yarımmüdafiəçi karyerasının bu qədər uzunömürlü olmasının səbəbi barədə də danışıb:
“Sevgi. Futbolu sevmək, futbol haqqında düşünmək, futbol üçün yaşamaq. Futbol ailəmlə birlikdə mənim üçün ən vacib şeydir. Sirr ehtirasdadır. Pəhriz və məşq ikinci dərəcəlidir. Uzun illər zirvədə qalmaq üçün ürək lazımdır. Uşaq vaxtı oynadığım dövrdə necə xoşbəxt idimsə, indi də məşqlərdə elə xoşbəxtəm.”
Modriç əlavə edib ki, bu gün olduğu yerə çatmasında sadəlik də mühüm rol oynayıb və həyatının əvvəlində başqa peşə sahibi də ola bilərdi:
“Mən sadəliyi sevirəm. Normal ailə, normal həyat, xırda şeylər. Özümü xüsusi hesab etmirəm. Həyatımda bir saniyə belə özümü kimdənsə üstün görməmişəm. Əgər futbolçu olmasaydım, ofisiant olmaq istərdim.”
O, valideynlərinə bu günə qədər onu müşayiət edən dəyərləri aşıladıqları üçün təşəkkür edib:
“Asan hekayə deyildi, amma valideynlərim – Stipe və Radoyka – mənə vacib dəyərlər aşılayıblar: hər kəsə hörmət etmək, təvazökar qalmaq. Atam fəhlə idi, anam dərzi. Təvazökarlıq həm meydanda, həm də həyatda kömək edir.”
Modriç əmisi haqqında da danışıb:
“Əmim Jelyko da mənim üçün çox önəmli olub. O və atam əkizidirlər, həmişə birlikdə böyüyüblər, gündə on dəfə danışırlar. Əmimin övladı olmadığı üçün aramızda xüsusi bağ var.”
O, babasını itirməsindən və müharibənin ağrılarından da söz açıb:
“1991-ci ilin dekabrı idi, mən altı yaşında idim. Bir axşam babam evə qayıtmadı. Onu axtarmağa başladılar. Yol kənarındakı bir sahədə güllələmişdilər. Altmış altı yaşı var idi. Heç kimə pislik etməmişdi. Dəfni xatırlayıram. Atam məni tabutun yanına aparıb dedi: ‘Oğlum, babanı öp’. Bu gün də öz-özümə sual verirəm: necə olur ki, yaxşı, ədalətli bir insanı öldürürlər? Niyə?”
Həmin illərin həyatına təsirindən danışan Modriç sözlərini belə tamamlayıb:
“Əgər tez-tez atılan qumbaralar olmasaydı və həyəcan siqnalı çalınanda sığınacaqlara qaçmağa məcbur qalmasaydıq, deyə bilərəm ki, normal uşaqlıq idi. Yaxud da ‘normallaşdırılmış’. O yaşda futbol bizə həyatı lazım olduğu kimi yaşamağa kömək edirdi. Uşaqlar çox idi, amma böyüklərə qarşı da oynayırdıq. Orada öyrəndim ki, meydanda heç kim sənə heç nəyi pulsuz vermir. O illər məni mən edən illər oldu.”