Mahir Emreli yeni klubu ilə debüt məşq edib

Mahir Emreli “Kayzerslautern”də ilk məşqinə çıxdı – Azərbaycanlı hücumçu Almaniyada yeni mərhələyə start verdi.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Mahir Emreli Almaniyada futbol karyerasında yeni səhifə açıb. 27 yaşlı hücumçu “Kayzerslautern”in heyətində ilk məşqinə çıxaraq rəsmi şəkildə komandanın hazırlıq prosesinə qoşulub.
Mahir məşqdən öncə klub rəhbərliyi tərəfindən kollektivə təqdim olunub. Komanda yoldaşları və texniki heyət tərəfindən müsbət qarşılanan azərbaycanlı futbolçu yeni mühitə qısa müddətdə uyğunlaşmaq niyyətindədir.
Yeni simalar içində
“Kayzerslautern”in ilk yay təlim-məşq toplanışına qatılanlar arasında Mahirlə yanaşı digər yeni transferlər də olub. Xorvatiya millisinin üzvü İvan Prtajin, alman müdafiəçi Maksvell Qyamfi, gənc sağ cinah oyunçusu Simon Asta və yarımmüdafiənin mərkəzində çıxış edən Fabian Kunze də məşqdə iştirak edən yeni simalar sırasında yer alıb.
3 illik müqavilə ilə yeni başlanğıc
Qeyd: Mahir Emreli “Kayzerslautern”lə iyunun 24-də 3 illik müqavilə imzalayıb. 2-ci Bundesliqa təmsilçisi olan klub 2025/26 mövsümündə iddialı çıxış etməyi planlaşdırır və Mahirin hücum xəttində əsas silahlardan biri olacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved