“Man Siti” Edersonun qiymətini endirmir, “Qalatasaray”dan fasilə…

Edersonun “Qalatasaray”a keçməsi müşkülə çevrilib – “Mançester Siti” qiyməti endirmir.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin qapıçısı Edersonun “Qalatasaray”a mümkün transferi çətin vəziyyətə düşüb. Türkiyə mediasının yaydığı yeni məlumatlara görə, İstanbul təmsilçisi həm “şəhərlilər”in tələb etdiyi transfer haqqını, həm də braziliyalı qapıçının istədiyi illik maaşı qarşılamaqda çətinlik çəkir.
Son həftələrdə 31 yaşlı qolkiperin “Qalatasaray”a keçidi ilə bağlı intensiv xəbərlər yayılmışdı. Bildirilirdi ki, tərəflər şəxsi razılığa prinsip etibarilə nail olub və klub səviyyəsində danışıqlar irəliləyir. Komandanın baş məşqçisi Okan Buruk da bu xəbərləri təsdiqləmiş və Edersonu “çox vacib bir variant” adlandırmışdı. Lakin maliyyə məsələləri bu keçidin gerçəkləşməsinə əngəl törədib.
Yay fasiləsində FIFA Klublararası Dünya Çempionatı zamanı ABŞ-da çıxış edən Ederson isə transfer söz-söhbətlərinə belə reaksiya vermişdi:
“Gələcəyim burada – “Mançester Siti”dədir. Bəzi dostlarım mənə xəbərlər göndərir, amma onların 99 faizi yalandır”.
Buna baxmayaraq, yay boyunca “Qalatasaray” və “Napoli”nin Edersonla maraqlandığı barədə xəbərlər səngimədi. İtaliya klubu ilə danışıqlar praktiki səbəblərdən pozulub, son günlər isə hətta “Fənərbağça” da Edersonla maraqlanan klublar siyahısına daxil olub.
Sabah qəzetinin məlumatına görə, danışıqların dayanmasına səbəb “Mançester Siti”nin Ederson üçün 20 milyon avro tələb etməsi və qapıçının illik 10 milyon avro maaş istəməsidir. Fanatik isə bildirir ki, “Qalatasaray” City-ni 10 milyon avroluq transfer qiymətinə razı salmağa çalışır və Ederson hələ də klubun əsas hədəfi olaraq qalır.
Bu qiymət bazar baxımından Ederson kimi təcrübəli və titullu qapıçı üçün yüksək görünməsə də, maliyyə imkanları daha məhdud olan “Qalatasaray” üçün həm transfer haqqı, həm də maaş paketini qarşılamaq böyük çətinlik yaradır. Bu səbəbdən, əgər “Mançester Siti” tələbini əhəmiyyətli dərəcədə azaltmasa, İstanbul klubu danışıqları dayandıra bilər.
Qeyd: Edersonun “Siti” ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir və klub onu saxlamaqda maraqlıdır. Yayda sosial mediada təzyiqlər artdıqdan sonra qapıçının həyat yoldaşı Lais Moraes şərhləri məhdudlaşdırmışdı, lakin indiyə qədər nə futbolçudan, nə də klubdan rəsmi ayrılıq siqnalı verilməyib.
Bu arada “Mançester Siti”də digər qapıçı Stefan Orteqanın da gələcəyi qeyri-müəyyən olaraq qalır. Klub yayda Ceyms Traffordu “Bernli”dən geri qaytarıb və bu, Orteqanın ayrılması ehtimalını daha da artırır.