“Man Siti”nin 60 xalı silinə bilər
“Mançester Siti”nin hesabından 60 xala qədər silinə bilər.
90plus.az xəbər verir ki, “Mançester Siti” ciddi cəza təhlükəsi ilə üz-üzədir. Məlumata görə, klub maliyyə feyr-pley qaydalarını pozmaqda təqsirli bilinərsə, Premyer Liqa tərəfindən hesabdan 40-dan 60-dək xal silinə bilər.
Xatırlatma: Premyer Liqa rəhbərliyi Mançester təmsilçisini 2009-2018-ci illər aralığında 115 maliyyə pozuntusunda ittiham edir. Klub isə bütün iddiaları qəti şəkildə rədd edir. Müstəqil komissiya 2024-cü ilin dekabrında dinləmələri başa vursa da, yekun qərar hələ açıqlanmayıb.
Maliyyə eksperti Kiran Maquayr mümkün sanksiyalar barədə danışarkən bildirib ki, Premyer Liqanın klubu birbaşa aşağı dəstəyə göndərmək səlahiyyəti yoxdur. Çünki aşağı liqalar Futbol Liqasının tabeliyində fəaliyyət göstərir. Bu səbəbdən ən real variant kimi 40-60 xalın silinməsi göstərilir. Belə bir qərar isə “Mançester Siti”nin elitada qalmasını ciddi sual altına qoya bilər.
Ekspert əlavə edib ki, klubun təqsiri sübuta yetirilərsə, idarə heyətinin istefası da gündəmə gələ bilər. Hər hansı cəza qərarı çıxarılacağı təqdirdə, Mançester təmsilçisinin apellyasiya şikayəti verəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved