“Mançester Siti” ili qalib bitirdi
"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 18-ci turunda “Nottingem Forest” üzərində 2:1 hesablı qələbəni dəyərləndirib.
90plus.az xəbər verir ki, “Şəhərlilər” səfərdə çətin oyunda qalib gəlib və ilin son matçında Premyer Liqanın zirvəsinə qalxıblar. Amma "Arsenal" bu gecə qalib gəlsə liderliyə geri dönəcək.
Qvardiola: “İlk dövrəni başa vurduq”!
Matçın taleyini Rayan Şerkinin son dəqiqələrdə havadan vurduğu qol həll edib. Bu nəticədən sonra “Mançester Siti” 40 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib və ikinci pillədəki “Arsenal”ı 1 xal qabaqlayıb.
Oyundan sonra danışan Qvardiola mövsümün ilk dövrəsinin başa çatdığını bildirib:
“18 oyun keçirmişik və bununla da ilk dövrəni bitirdik. İkinci dövrədə bizi bu günkü kimi çoxlu çətin oyunlar gözləyir. Premyer Liqa getdikcə daha da ağırlaşır. Bu gün qalib gəlmək və ya uduzmaq hələ heç nəyi həll etmir — qarşıda çoxlu oyun var”.
İspaniyalı mütəxəssis qələbənin əhəmiyyətini xüsusi vurğulayıb:
“Milad günlərində aldığım bütün çəkini bu gün itirdim. Yenidən formadayam. Bu, çox böyük üç xaldır. ‘Nottingem Forest’ inanılmaz komandadır və burada qış vaxtı oynamaq həmişə çətin olur. Mentalitetimiz bu gün möhtəşəm idi”.
Qvardiola həmçinin ilk hissədə oyunun istədikləri kimi alınmadığını da etiraf edib:
“Birinci hissədə lazımi boşluqları tapa bilmirdik. Fasilədən sonra oyunu daha sürətli oynadıq, daxilə və kənara hərəkət etdik və bunun nəticəsində qol imkanları yaratdıq”.
Qeyd: “Mançester Siti” Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazanıb. Komanda növbəti turda Yeni ildə səfərdə “Sanderlend”lə qarşılaşacaq. Daha sonra isə “Çelsi” və “Brayton”la oyunlar “şəhərlilər”i gözləyir.
© Copyright 2026, All Rights Reserved