“Mançester Siti” yeni qapıçısını açıqladı

“Mançester Siti” 22 yaşlı qapıçı Ceyms Traffordu “Börnli” klubundan transfer etdiyini rəsmi şəkildə açıqlayıb.
90plus.az xəbər verir ki, İngiltərənin U-21 millisinin üzvü olan Trafford “şəhərlilər”lə 2030-cu ilin yayına qədər nəzərdə tutulan beşillik müqavilə imzalayıb. Transferin məbləğinin təxminən 27 milyon funt sterlinq olduğu bildirilir.
Bu keçid Trafford üçün “Etihad”a qayıdış mənası daşıyır. O, vaxtilə “Siti” akademiyasında təxminən səkkiz il keçirmiş, 2023-cü ildə isə “Börnli”yə transfer olunmuşdu.
İki mövsüm ərzində “Börnli”də inamlı çıxışı ilə seçilən gənc qapıçı Avropanın ən perspektivli qapıçılarından biri kimi tanınıb. O, komandanın Premyer Liqaya yüksəlməsində əsas pay sahiblərindən biri olub — 45 Çempionşip matçında 29 “quru oyun” keçirərək İngiltərə futbolu tarixində bir mövsümə görə rekord göstəricini təkrarlayıb. Həmin mövsümdə cəmi 16 qol buraxıb.
Transferdən sonra duyğularını bölüşən Ceyms Trafford "Mançester Siti”yə qayıdışın onun üçün böyük qürur və xüsusi mənaya malik olduğunu bildirib:
“Bu kluba yenidən qoşulmaq həm mənim, həm də ailəm üçün çox qürurlu və emosional andır. Həmişə arzulamışam ki, bir gün yenidən ‘Mançester Siti’ formasını geyinim. Bura mənim üçün ev kimidir. Klubun içindəki insanlar buranı unikal bir yerə çevirir.
Pep Qvardiolanın rəhbərliyi altında, bu qədər dünya səviyyəli futbolçularla birgə çalışma fürsəti qazandığım üçün çox şadam və həyəcanlıyam.
Hələ gəncəm, öyrənmək və inkişaf etmək üçün böyük istəyim var. Bilirəm ki, dünyanın ən yaxşı qapıçısı olmaq üçün ‘Mançester Siti’dən daha yaxşı mühit yoxdur.
Azarkeşlərimizin qarşısında ilk dəfə oynamanın həyəcanını səbirsizliklə gözləyirəm və bu möhtəşəm klubun yeni uğurlar qazanması üçün əlimdən gələni edəcəyəm.”
Traffordun gəlişi “Siti”nin qapı xəttində gələcək üçün atdığı önəmli addım kimi dəyərləndirilir.