"Mançester Yunayted" yarımmüdafiəçisini İspaniyada tapdı
“Mançester Yunayted” yay transfer pəncərəsində heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır. İngiltərə nəhəngi yarımmüdafiə xəttini gücləndirmək üçün “Sevilya”nın futbolçusu Lüsyen Aqumeni hədəfə alıb.
90plus.az xəbər verir ki, 24 yaşlı fransalı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın transfer siyahısında ön sıralardadır. “Sevilya”nın isə futbolçunu təxminən 30 milyon avro qarşılığında satmağa hazır olduğu bildirilir.
Aqume 2024-cü ilin yayında “İnter”dən “Sevilya”ya transfer olunub və onun müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. “Mançester Yunayted”in seleksiya direktoru Kristofer Vivell oyunçunu daha çox müdafiəyönümlü, dağıdıcı tipli yarımmüdafiəçi kimi dəyərləndirir.
Fransalı futbolçu Premyer Liqada çıxış edən alternativ namizədlərlə müqayisədə daha münasib maliyyə variantı hesab olunur. Klub daha əvvəl “Nottingem”dən Elliot Anderson, “Brayton”dan Karlos Baleba və “Kristal Pelas”dan Adam Uorton kimi oyunçularla da maraqlanırdı.
Yay transfer dönəmində “Mançester Yunayted”in yarımmüdafiə xəttində ciddi yenilənmələr gözlənilir və Lüsyen Aqume əsas namizədlərdən biri kimi göstərilir.
© Copyright 2026, All Rights Reserved