"Mançester Yunayted" yeni hücumçusunu Bundesliqada tapdı

İngiltərənin nəhəng klubu "Mançester Yunayted" Premyer Liqa başlamamış hücum xəttini gücləndirib. "Qırmızı şeytanlar" Almaniyanın "RB Leypsiq" klubunda çıxış edən sloveniyalı hücumçu Benyamin Şeşkoyla razılığa gəlib.
90plus.az xəbər verir ki, bu yay "Mançester Yunayted" uzun müddət Viktor Osimhen və Viktor Gyökereşin transferinə çalışsa da, hər iki futbolçunu əldən verib. Osimhen "Qalatasaray"a, Gyökereş isə əzəli rəqib "Arsenal"a keçib.
Daha sonra diqqətini Benyamin Şeşkoya yönəldən "Mançester Yunayted" "RB Leypsiq"lə razılaşma əldə edib. Tanınmış jurnalist Fabritsio Romanonun məlumatına görə, İngiltərə təmsilçisi bu transfer üçün 76.5 milyon avro ödəniş və 8.5 milyon avro bonuslar verməyi öhdəsinə götürüb.
22 yaşlı forvardın "Mançester Yunayted"lə 5 illik müqavilə imzalayacağı bildirilir.
Qeyd: "RB Leypsiq"in heyətində 87 oyunda meydana çıxan Benyamin Şeşko 39 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved