"Mançester Yunayted"in stadionunda möhtəşəm iftar mərasimi keçirilib.
90plus.az xəbər verir ki, İngiltərənin Premyer Liqa təmsilçisi "Mançester Yunayted"in doğma arenası olan Old Trafford stadionunda xüsusi iftar tədbiri təşkil olunub.
"Mançester Yunayted" Müsəlman Azarkeşlər Klubu (MUMSC) tərəfindən keçirilən mərasimdə Mançester təmsilçisinin mərakeşli futbolçusu Noussair Mazraoui da iştirak edib. Tədbirə həmçinin çoxsaylı qonaqlar və azarkeşlər qatılıblar.
İştirakçılar təxminən 75 min tamaşaçı tutumuna malik, dünya şöhrətli "Old Trafford" stadionunda səsləndirilən azanla oruclarını açıblar. Stadionda yaşanan mənəvi ab-hava qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.
MUMSC-nin prezidenti Asif Mahmoud bildirib ki, "Old Trafford"da iftar mərasimi təşkil etmək onlar üçün uzun müddətdir qurulan bir arzu idi və bu arzunu reallaşdırmaqdan qürur duyurlar.
"Mançester Yunayted"in akademiya məşqçisi İmran Hamid isə çıxışında bu cür tədbirlərin gənclər üçün ilham mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, əsas komanda oyunçularından bəzilərinin tədbirdə iştirak edərək təcrübələrini bölüşməsi böyük dəyər daşıyır:
“Ümid edirəm ki, bu gün burada olan uşaqlardan bəziləri gələcəkdə əsas komandanın futbolçusu kimi bu cür tədbirlərdə çıxış edəcəklər.”
"Mançester Yunayted" son illər sosial və mədəni müxtəlifliyə yönəlmiş təşəbbüsləri ilə diqqət çəkir və bu iftar mərasimi də klubun inklüziv dəyərlərə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.