"Mançester Yunayted"i məğlub edən "Qrimsbi" cərimələndi

90plus.az xəbər verir ki, İngiltərə Liqa Kubokunun ikinci mərhələsində "Mançester Yunayted"i penaltilərlə 12:11 hesabı ilə məğlub edərək sensasiyaya imza atan "Qrimsbi Taun" klubu ciddi inzibati səhvə görə 20 min funt sterlinq məbləğində cərimələnib.
İngiltərə IV Liqasında çıxış edən "Qrimsbi Taun" "Bredford Siti"dən icarəyə götürdüyü Klark Oduorun qeydiyyat sənədlərini oyun günündən əvvəl saat 12:00-a qədər təqdim etməli idi. Lakin sənədlər cəmi bir dəqiqə gecikmə ilə təqdim olundu.
Liqa rəhbərliyi – EFL (İngiltərə Futbol Liqası) futbolçunun qeydiyyatını təsdiqləsə də, qaydalara əsasən Oduor həmin oyunda iştirak edə bilməzdi. Buna baxmayaraq, futbolçu qarşılaşmanın 73-cü dəqiqəsində meydana buraxılıb.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb və penaltilər seriyasında "Qrimsbi Taun" qalib gəlib. Maraqlı məqam ondan ibarətdir ki, Klark Oduor penalti seriyasında komandasının yeganə zərbəsini boşa verən oyunçu olub.
EFL oyundan sonra bu inzibati səhvi özü aşkarlayıb və vəziyyəti dərhal liqaya bildirən "Qrimsbi Taun" klubuna 20 min funt sterlinq cərimə kəsib. Cərimənin 10 min funt sterlinqlik hissəsi isə klub eyni qayda pozuntusunu təkrar etdiyi təqdirdə qüvvəyə minəcək şəkildə şərti olaraq saxlanılıb.
© Copyright 2025, All Rights Reserved